Advertisment

Hörmüz boğazı ilə bağlı 60 günlük müvəqqəti razılaşma hazırlanır - “Axios”

ABŞ, İran və Oman Sultanlığı Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan müvəqqəti razılaşmanın yekunlaşdırılması istiqamətində danışıqları davam etdirir.

“Axios”un ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton razılaşmanın çərşənbə günü açıqlanacağını gözləyir.

Məlumata əsasən, hazırlanmış sənəd Hörmüz boğazında ilkin mərhələdə 60 gün müddətində tətbiq ediləcək müvəqqəti rejimi nəzərdə tutur. Tərəflərin razılığı olduğu halda bu müddətin uzadılması da mümkündür.

Razılaşmaya görə, Fars körfəzi istiqamətində hərəkət edən bütün gəmilər İranın ərazi sularından keçməklə şimal marşrutundan istifadə edəcək. Ərəbistan dənizinə doğru üz tutan gəmilər isə İran tərəfi ilə koordinasiya şəraitində Oman sularından keçərək cənub marşrutu ilə hərəkət edəcəklər.

Sənəddə həmçinin qeyd olunur ki, keçid dövründə Hörmüz boğazından istifadə edən gəmilərdən tranzit haqqı alınmayacaq.

Razılaşmanın digər bəndinə əsasən, İran və Oman boğazın mərkəzi kanalının dəniz minalarından təmizlənməsi üçün 30 gün ərzində birgə fəaliyyət göstərəcəklər. Minalardan təmizləndikdən sonra həmin kanalın gələcək daimi razılaşma çərçivəsində hər iki istiqamətdə beynəlxalq gəmiçilik üçün istifadəsi planlaşdırılır.

“Axios” bildirir ki, İranın xarici işlər naziri Abbas Əraqçi saziş layihəsinə ilkin razılığını verib. Bununla belə, sənədin qüvvəyə minməsi üçün İranın Ali Rəhbərinin və Milli Təhlükəsizlik Şurasının yekun təsdiqi tələb olunur.