Şimali Koreya raket bölməsinin Ukraynaya zərbələr endirmək üçün tezliklə Rusiyanın qərbində yerləşdiriləcəyi gözlənilir.
Reuters bu barədə 5 avqust çərşənbə günü Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andriy Çernyaka istinadən məlumat verib.
Bu məlumatlara görə, təxminən 90 Şimali Koreya əsgərindən ibarət bölmə artıq Rusiyaya doğru yola düşüb. Bölmənin 120 ballistik raket və altı buraxılış qurğusu ilə təchiz olunduğu ehtimal edilir. Şimali Koreya bölməsinin Voronej bölgəsində yerləşdiriləcəyi gözlənilir.
Filadelfiyadakı Xarici Siyasət Tədqiqat İnstitutunun hərbi eksperti Rob Li Reuters-ə verdiyi şərhdə Şimali Koreya raketlərinin Ukrayna üçün əhəmiyyətli təhlükə yarada biləcəyi fikrini bildirib. O bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sisteminin vəziyyəti xüsusilə bu qışda, Rusiyanın yenidən ölkənin elektrik şəbəkəsinə sistematik hücum edə biləcəyi zaman narahatlıq doğurur.