Avropa ölkələri və Rusiyanın sabiq yüksəkvəzifəli rəsmiləri Ukraynada müharibənin dayandırılması perspektivlərini müzakirə etmək üçün Avstriyanın paytaxtı Vyanada qeyri-rəsmi görüş keçiriblər.
Bu barədə Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, görüş iyul ayında baş tutub və burada Böyük Britaniya, Fransa, Almaniya və Rusiyanın keçmiş yüksək vəzifəli siyasətçiləri iştirak ediblər.
Mənbələrin sözlərinə görə, müzakirələr əsasən Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün mümkün diplomatik mexanizmlər və gələcək sülh danışıqlarının potensial şərtləri ətrafında aparılıb.
Bildirilib ki, görüş rəsmi hökumətlərarası danışıqlar formatında keçirilməyib və iştirakçılar mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apararaq münaqişənin siyasi həlli imkanlarını qiymətləndiriblər.
Hələlik görüşün nəticələri və ya tərəflər arasında hər hansı konkret razılaşmanın əldə olunması barədə rəsmi məlumat açıqlanmayıb.