Avropa İttifaqı yaxın aylarda Rusiyaya qarşı tətbiq olunan sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, payızda Rusiyaya qarşı müharibənin başlanmasından bəri ən genişmiqyaslı sanksiya paketlərindən birini təqdim edəcək.
Kallas bu barədə Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, yeni sanksiyalar qəbul edilərsə, məhdudiyyətlər tətbiq olunan Rusiya vətəndaşlarının, şirkətlərinin və digər qurumların sayı təxminən üçdə bir artacaq.
Avropa Komissiyasının məlumatına əsasən, hazırda Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısında təxminən 3 min fiziki və hüquqi şəxs yer alır.
Kallas Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulayaraq, məqsədin Moskvanı müharibəni dayandırmağa məcbur etmək olduğunu bildirib.