Şərur rayonunda Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimiz Yusifov Əli Süləddin oğlunun, Mədədli Zülal Rəhim oğlunun və Əliyev Lətif Oruc oğlunun doğum günləri münasibətilə Şərur rayon Şəhidlər Xiyabanında anım tədbirləri keçirilib.
Tədbirlərdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər. Aysel Zeynalabdinova Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərovun salamlarını tədbir iştirakçılarımıza çatdırıb.
Mərasim çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib. Tədbirdə çıxış edənlər şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdikləri misilsiz qəhrəmanlıq və şücaətdən söz açıblar. Bildirilib ki, şəhidlərimizin aziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların həyat yolu və Vətən sevgisi gələcək nəsillər üçün əsl örnək olacaq.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi zəfərin xalqımızın yaddaşında əbədi yaşayacağı, ərazi bütövlüyümüzün və suverenliyimizin daim qorunmasının hər birimizin müqəddəs borcu olduğu vurğulanıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən uğurlu dövlət siyasətindən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı və diqqətin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.
Tədbirdə həmçinin məktəblilər vətənpərvərlik ruhunda qələmə alınmış şeirləri səsləndiriblər. Sonda şəhidlərimizin məzarlarına tər gül dəstələri düzülüb, ailələrinə dərin hörmət və ehtiram ifadə edilib.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi