Advertisment

Tayland Rusiyadan enerji idxalını artırma imkanlarını nəzərdən keçirir

Tayland Rusiyadan qaz, neft və gübrə idxalını artırmaq imkanlarını nəzərdən keçirir.

Tayland Baş nazirinin müavini və xarici işlər naziri Sihasak Phuangketkeu TASS-a müsahibəsində bildirib ki, Yaxın Şərqdəki böhran enerji idxalının mənbələrinin şaxələndirilməsinin zəruriliyini bir daha ortaya qoyub.

Onun sözlərinə görə, riskləri minimuma endirmək üçün yeni enerji təchizatı mənbələri axtarılmalıdır. Nazir qeyd edib ki, Taylandın enerji tələbatının təxminən 50 faizi Yaxın Şərq ölkələrinin hesabına ödənilir.

“Əgər yalnız bir bölgədən enerji təchizatına güvəniriksə, böhran baş verdiyi halda ciddi çətinliklərlə üzləşəcəyik”, – deyə Phuangketkeu bildirib.

Nazir xüsusilə Hörmüz boğazından tanker daşımalarında yaranan son problemlərə diqqət çəkərək, Rusiyadan qaz, neft və gübrə tədarükünün mümkün variantlar sırasında olduğunu vurğulayıb.

Phuangketkeu həmçinin Rusiya ilə ticarət əməliyyatlarının mövcud məhdudiyyətlər çərçivəsində həyata keçirilməsi üçün maliyyə mexanizmlərinin müzakirə edildiyini bildirib.

“Müəyyən maneələr var, lakin məqbul və icazə verilən maliyyə əməliyyatlarını həyata keçirmək üçün imkanlar da mövcuddur”, – deyə Taylandın xarici işlər naziri əlavə edib.