“The New York Times” qəzetinin yazdığına görə, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında dronlardan istifadənin imkanlarını genişləndirən yeni texnologiyaya çıxış əldə edib. Söhbət qoşunların hərəkəti və mövqeləri barədə real vaxt rejimində məlumat almağa imkan verən yüksək keyfiyyətli peyk görüntülərindən gedir.
Nəşrin məlumatına görə, əvvəllər peyk görüntülərinin cəbhə xəttindəki bölmələrə çatdırılması bir neçə gün çəkə bilirdi. Bu isə xüsusilə uzaqmənzilli dronlarla həyata keçirilən əməliyyatlarda ciddi problem yaradırdı. Çünki görüntülərin əldə edildiyi vaxt hədəflər artıq mövqelərini dəyişə bilirdi.
Yeni sistem sayəsində yüksək keyfiyyətli peyk görüntülərinin cəbhə xəttindəki bölmələrə daha operativ şəkildə ötürülməsi mümkün olub. Bu imkan Ukrayna qüvvələrinə Rusiya tərəfindən nəzarət edilən ərazilərin dərinliyində, eləcə də Rusiyanın öz ərazisində yerləşən silah anbarları, logistika mərkəzləri və hərbi düşərgələr kimi hədəflərə daha sürətli zərbələr endirməyə şərait yaradıb.
NYT-nin yazdığına görə, bəzi hallarda cəbhə xəttindəki bölmələr peyk görüntülərini birbaşa əldə edir, onları operativ şəkildə təhlil edir və müəyyənləşdirilən hədəflərə zərbə endirirlər. Eyni texnologiya zərbələrin nəticələrinin qiymətləndirilməsinə və zərurət yarandıqda əlavə hücumların həyata keçirilməsinə də imkan verir.
Bununla belə, hədəflərin vurulması üçün daha təcrübəli komandirlərin təsdiqi hələ də tələb olunur. Bu yanaşma daha az təcrübəli operatorların mümkün səhvlərindən irəli gələn riskləri azaltmağa xidmət edir. Buna baxmayaraq, peyk məlumatlarının daha sürətli əldə edilməsi və emalı əvvəlki mərhələlərlə müqayisədə prosesin əhəmiyyətli dərəcədə sürətlənməsinə imkan verib.
Nəşr qeyd edir ki, yeni imkanlar Ukraynanın işğal altındakı Krıma zərbələrini intensivləşdirməsinə də şərait yaradıb. Həmçinin Rusiyanın təchizat xətləri baxımından əhəmiyyətli olan bərə terminalları və logistika marşrutlarına qarşı hücumların effektivliyinin artırılmasında bu texnologiyanın rol oynadığı bildirilir.