Advertisment

Krım da Qarabağ kimi azad ediləcək - Səfir

Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal Krımın gələcəyindən danışaraq yarımadanın Qarabağ kimi azad ediləcəyinə inandığını bildirib.

Türkiyə mediasının yaydığı məlumata görə, diplomat Rusiyanın Krımı işğal etməsi, Ukraynada davam edən müharibə və Kiyev-Ankara münasibətləri ilə bağlı geniş açıqlamalar verib.

Cəlal qeyd edib ki, Ukrayna şəhərlərinin mütəmadi raket və dron hücumlarına məruz qalmasına, eləcə də işğal olunmuş ərazilərdə repressiyaların davam etməsinə baxmayaraq, Kiyev öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. O, Krımın azad olunmasını Azərbaycanın Qarabağda əldə etdiyi nəticə ilə müqayisə edib və Ukraynanın müttəfiqlərinin dəstəyi ilə qələbə qazanacağına və ədalətin bərpa ediləcəyinə əminliyini ifadə edib.

Səfir Krımda insan hüquqlarının vəziyyətinə də toxunub. Onun sözlərinə görə, yarımadada 300-dən çox siyasi məhbus var və onların 169-u Krım tatarlarıdır. Cəlal iddia edib ki, Rusiya tərəfindən yaradılmış hakimiyyət strukturları məcburi ruslaşdırma siyasətini davam etdirir, yerli əhalinin Krımdan sıxışdırılmasına çalışır, həmçinin həbs olunan və itkin düşən şəxslərlə bağlı məlumatları gizlədir.

Ukraynadakı vəziyyətdən danışan diplomat bildirib ki, Rusiya qüvvələri enerji infrastrukturunu raket və dron hücumları ilə mütəmadi hədəfə alır. Onun sözlərinə görə, yalnız iyul ayında Ukraynada 437 mülki şəxs həlak olub, 2 500-dən çox insan yaralanıb.

Cəlalın sözlərinə görə, Ukrayna ərazi bütövlüyünün bərpası istiqamətində mübarizəni davam etdirir və bu prosesdə beynəlxalq ictimaiyyətin və tərəfdaş ölkələrin dəstəyi mühüm əhəmiyyət daşıyır.