Ukrayna Rusiyanın sərhəddən 200 kilometrədək məsafədə yerləşən ballistik raket buraxılış qurğularına qarşı Starlink internet şəbəkəsi ilə təchiz edilmiş dronlardan istifadə etmək istəyir. Bunun üçün SpaceX şirkətinin rəhbəri Elon Maskın razılığı tələb olunur.
“Financial Times”ın mənbələrinə istinadən yaydığı məlumata görə, Kiyev Rusiyanın ballistik raketlərinə qarşı müdafiə imkanlarını gücləndirmək üçün yeni üsul axtarır. Nəşr yazır ki, Ukraynaya ilin sonunadək Rusiya raketlərinin qarşısını almaq üçün yüzlərlə “Patriot” raketinə ehtiyac yarana bilər.
Bu səbəbdən Ukrayna əsas Rusiya hərbi hədəflərinə daha dəqiq zərbələr endirmək məqsədilə hücum dronlarında Starlink bağlantısından istifadəyə icazə almağa çalışır.
Starlink-lə təchiz olunan dronlar SpaceX-in peyk şəbəkəsindən istifadə etməklə operatorlarla daha uzaq məsafələrdə stabil rabitə saxlaya bilir. Bu texnologiyanın ənənəvi radio rabitəsi ilə müqayisədə bəzi elektron maneələrə qarşı daha davamlı olduğu bildirilir.
Belə dronlardan Ukrayna ərazisində gedən döyüşlərdə artıq geniş istifadə olunur. Analitiklərin fikrincə, onların Rusiya ərazisində, xüsusilə Ukrayna sərhədindən kənarda yerləşən hədəflərə qarşı tətbiqi Rusiya ballistik raket sistemlərinin aşkar edilməsi və vurulması baxımından Kiyev üçün əhəmiyyətli imkan yarada bilər.
“Financial Times”ın mənbələrinin bildirdiyinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyul ayında Ağ Evdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampdan Elon Maskla bu məsələni müzakirə etməsini istəyib.
Zelenskinin məqsədi Rusiyanın ballistik raket buraxılış qurğularına qarşı zərbələrdə Starlink xidmətindən istifadəyə icazə alınmasına nail olmaq olub.