Fazil MUSTAFA
Jurnalistlər tez-tez sual göndərir: “Sorğu keçiririk, bəs bir siyasətçi olaraq istirahətiniz necə keçir?” - Bu sualın cavabını indi rahat söyləyə bilərəm. - Son iki ayın gərgin müzakirə-mübahisələrinin istirahət adına yekunu yeni kitab oldu; Tanrıya şükür olsun, tamamlaya bildim. “Çoban məsuliyyəti” adlanan bu kitab son vaxtlar yazılmış, yayınlanmış, yayınlanmamış məqalələr, esselər toplusudur.
“Tarix, əlbəttə, hər millətin siyasi həyatını və istiqlaliyyətini tədqiq edərkən, heç bir xətanı unutmayacağı kimi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır! Siyasətçilər siyasi xətalarından, alimlər tənbəlliyindən, hərbçilər yanlış müdafiə taktikalarından, camaat məfkurəsizliyindən, cahil də cahilliyindən məsuliyyət daşıyırlar.” -
Məhəmməd Əmin Rəsulzadənin bu möhtəşəm fikrini epiqraf olaraq seçdim. Yəqin ki, yaxın vaxtlarda redaktə olunandan sonra nəşrə verəcəyəm. Adətən əksər publisistik üslubda yazılan kitabların təyinatında “geniş oxucu kütləsi üçün nəzərdə tutulur” ifadəsini işlədirik; mən isə “bu kitab anlayan oxucu üçündür” ifadəsinin daha dəqiq, cilalanmış variant olduğunu düşündüm. Çünki son vaxtların müzakirəsi bizə ölkəmizdə olan Cümhuriyyət dəyərlərinə, tarix şüuruna, akademik ağıla və ağılsızlığa baxışda bir sıra gerçəklikləri göstərmiş oldu. Nə qədər diletant-təbərrü diplomluların, nə qədər müzakirələrə hazırlıqsız jurnalistlərin, bloggerlərin, siyasətçilərin, müzakirədən yayınmaq üçün Dədə Qorqud müdrikliyi pozasını alan ziyalıların, qaragüruhun qorxusundan fikirlərini açıq söyləməkdən çəkinənlərin varlığından xəbər tutmuş olduq. Cümhuriyyətdən ağız dolusu yazanların, Rəsulzadəni göyə qaldıranların böyük əksəriyyətinin səmimiyyətsizliyi də aşkar göründü. Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyətlə bağlı məşhur deyimi var: “Yoxdan bir Cümhuriyyət yaratdıq!” Əslində, bunlar da Rəsulzadənin qarşısına öz tezisləri ilə çıxaraq dedilər: “Sən söylədiyin “yox” bizim üçün dadı dəyişməz bir konfettir”. Bütün bu müzakirələr, mübahisələr də “var”la “yox” arasında gedirdi. “Var”ı yaşayıb “yox”u sevənlərin sırasında “var-yox”u söyülənlərin imperativlərinin daha güclü olduğunu gördük.
Ancaq bu müzakirələr davam etsə-etməsə belə, böyük faydası olduğunu düşünürəm. Əlbəttə, bizə, yəni Azərbaycan Respublikasının yetkin vətəndaşlarına bir faydası toxunacaq deyil. Hər nə qədər ictimai-siyasi elitamızda qaranlıq keçmişimiz olan “yox”u konfet kimi müstəqil milli dövlətimiz olan “var”ımızın üzərinə pərçimləmək istəyənlər olsa da, dövlət ağlımız deyir ki, biz XIX əsrin əvvəllərində bu “yox”dan qurtulmuşuq, 1918-ci ildən başlayaraq “var” olmuşuq və 2023-cü ildə Xankəndiyə bayraq taxmaqla Azərbaycanı BÜTÖVLƏŞDİRMİŞİK!!! İranın Azərbaycan əyalətində, onun hüdudlarından kənar bölgələrdə, mühacirətdə yaşayan soydaşlarımıza bu müzakirələrin xeyri hökmən olacaqdır. Mən izləyirəm, onların auditoriyasında danışanlar, təhlil edənlər, nağıl söyləyənlər bol olsa da, praqmatik nəzəri mülahizələr, sosioloji kitablar ortaya qoyanlar barmaq sayı qədərdir. Onları bir az da bizim təbərrü-alimlər arxayınlaşdırmışdır. Onlar İranın real sosial və siyasi mühitinin, dilinin, xalqlarının, mədəniyyətinin və başlıca olaraq xurafatının, cəhalətinin içində olduqlarına görə, Güney Azərbaycanla bağlı bizim uydurduğumuz yalanlardan sıyrılıb, öz yollarını daha konkret praqmatizmlə düşünməli olacaqlar. Onlar anladılar ki, bizdə elmi əsər, publisistik türkçülük, Bütöv azərbaycançılıq adına yazılanların əksəriyyəti bəsit-ideoloji şüarlar üzərində, elmi metodologiyadan uzaq makulatura yığınından başqası deyildir.
Yəni hər qarşıya çıxan prosesə XIX əsrin Fransasında yaradılan Paris kommunasının liderlərindən biri olan Tyerin məşhur deyimi ilə yanaşmağı tövsiyə edərdim: “Hər şeyi ciddi qəbul edin, faciəli yox!”
Sonda: Mən bu müzakirələrdən bir kitab ortaya qoydum. Buyurun, siz də kitabınızı yazın, düşüncələrinizi, nəzəri mülahizələrinizi təqdim edin, bir-birimizə cavab olaraq deyil, millətimizə fərqli baxışlar üzərində düşünməyə materiallar, qaynaqlar olsun deyə. Daha gedib yenə də 500–1000 il öncənin fərmanlarından çıxarış edib gözümüzə soxmayın, bugünümüzün proqramlarının real tablosunu duyarlı insanlarımıza doğru-dürüst, ağlabatan şəkildə çatdırmaq işinə töhfə verməyə çalışın. Bununla biz hüdudlarımızdan kənarda “yox”dan “var” olma mücadiləsi aparan soydaşlarımıza daha böyük fayda vermiş olarıq.