Advertisment

“Süni İntellekt və Rəqəmsal Məzmunun Hazırlanması” mövzusunda növbəti təlim keçirilib

Bu güh 7 sentyabrda Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbində Azad Müəllimlər İctimai Birliyinin “Təhsilverənlərin və təhsilalanların İKT-dən məqsədyönlü istifadəetmə bacarıqlarının inkişafı” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Təlim zamanı iştirakçılar təlimçi Nüşabə Mehtiyevanın təqdimatında “Süni İntellekt və Rəqəmsal Məzmunun Hazırlanması” mövzusunu araşdırıblar.

Təlimdə süni intellektin təhsil prosesində yaratdığı imkanlar, müəllim və şagirdlərin gündəlik fəaliyyətinin asanlaşdırılmasında rolu, rəqəmsal məzmunun hazırlanması və süni intellekt alətlərindən səmərəli istifadə yolları ətrafında müzakirələr aparılıb.

Təlim zamanı süni intellektin müəllimlər üçün yeni və maraqlı dərs planlarının hazırlanması, şagirdlərin səviyyəsinə uyğun sual və tapşırıqların tərtib edilməsi, qiymətləndirmə meyarları və rubriklərin hazırlanması, eləcə də rəqəmsal dərs vəsaitlərinin fərdiləşdirilərək zənginləşdirilməsi istiqamətində imkanları diqqətə çatdırılıb.

Şagirdlər baxımından isə süni intellektin mürəkkəb mövzuların daha sadə dildə izah edilməsinə, yaradıcı layihələr üçün yeni ideyaların əldə olunmasına, fərdi öyrənmə prosesinin dəstəklənməsinə və biliklərin müxtəlif testlər vasitəsilə müstəqil şəkildə yoxlanılmasına kömək etdiyi vurğulanıb.

İştirakçılara süni intellektin təhsildə əsasən yaradıcılıq, sürət və fərdilik istiqamətlərində mühüm imkanlar yaratdığı izah edilib. Bildirilib ki, AI yeni dərs ideyaları və ssenarilər hazırlamağı asanlaşdırır, mətn və vizual vəsaitlərin daha qısa müddətdə hazırlanmasına imkan verir və şagirdlərin fərdi ehtiyaclarına uyğun tapşırıqların tərtib edilməsini dəstəkləyir.

Təlim çərçivəsində iştirakçılara süni intellekt alətlərindən daha düzgün nəticə əldə etmək üçün effektiv prompt, yəni AI-a verilən müraciətin hazırlanmasının üç əsas addımı izah olunub:

Rol verin - süni intellektin hansı rolda çıxış etməli olduğunu müəyyənləşdirin.

Tapşırığı konkretləşdirin - görüləcək işi aydın və dəqiq şəkildə ifadə edin.

Formatı müəyyənləşdirin - cavabın hansı formada təqdim olunmasını göstərin.

Praktiki nümunələr əsasında iştirakçılara düzgün hazırlanmış promptların daha məqsədyönlü və keyfiyyətli nəticələr əldə etməyə imkan verdiyi nümayiş etdirilib.

Təlimdə süni intellektin imkanları ilə yanaşı, onun istifadəsi zamanı yarana biləcək risklər də müzakirə olunub. Qeyd edilib ki, AI bəzən yanlış və ya uydurma məlumatlar təqdim edə bilər. Bu hal “hallüsinasiya” kimi tanınır. Həmçinin köhnə və ya səhv məlumatlara əsaslanan cavabların, mürəkkəb riyazi hesablamalarda və dəqiq tarixi faktlarda yanlışlıqların baş verə biləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Bu baxımdan müəllimlərə mühüm faktları, tarixi və elmi məlumatları rəsmi və etibarlı mənbələrdən yoxlamaq, zəruri hallarda məlumatları müxtəlif AI alətləri vasitəsilə müqayisə etmək tövsiyə olunub.

Təlimçi xüsusilə vurğulayıb ki, süni intellekt yalnız köməkçi vasitədir və yekun qərarın qəbul edilməsi, eləcə də nəticəyə görə məsuliyyət insanın üzərindədir.

Təlim zamanı rəqəmsal mühitdə etik və dürüst davranışın əhəmiyyəti də diqqət mərkəzində olub. İştirakçılara müəlliflik hüququna hörmət etməyin, AI vasitəsilə hazırlanmış materiallardan istifadə zamanı süni intellektdən yararlanıldığını açıq şəkildə qeyd etməyin vacibliyi izah edilib.

Eyni zamanda, AI alətlərinə şəxsi məlumatların daxil edilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusilə müəllimlərin özlərinin, ailə üzvlərinin və şagirdlərin ad, ünvan və digər şəxsi məlumatlarını süni intellekt proqramları ilə paylaşmamasının vacibliyi vurğulanıb.

Təlimdə qeyd olunub ki, süni intellektdən səmərəli istifadə insanın düşüncə, yaradıcılıq, analiz və məsuliyyətini əvəz etməməli, əksinə, bu bacarıqları dəstəkləməlidir.

Təlimin sonunda iştirakçılara günün praktiki tapşırığı təqdim olunub. Onlardan əldə etdikləri bilik və bacarıqlardan istifadə etməklə öz ilk AI əsaslı dərslərini hazırlamaq tələb olunub.

Layihənin növbəti təlimlərində də təhsilverənlərin müasir İKT alətlərindən məqsədyönlü və səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi və innovativ yanaşmaların tədris prosesinə inteqrasiyası istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.