Ağdamda fəaliyyət göstərən “Zəfərə Doğru” Tədris Mərkəzi sınaq imtahanlarının təşkilindən narazıdır.
Bu barədə Gununsesi.info-ya mərkəzdən müraciət ediblər.
Mərkəzin təmsilçisi Məmmədova Fidanə Məmmədağa qızı deyir ki, onlar Müstəqil Qiymətləndirmə Mərkəzinin sınaq imtahanlarını Ağdamda, “Zəfərə Doğru” Tədris Mərkəzində müstəqil olaraq keçirmək istəyirlər:
“Keçən il Bərdə Hazırlıq Kursu bizim həmin imtahanı bizim razılığımızla keçirib. Bu il isə biz özümüz müstəqil şəkildə keçirmək istəyirik.
Müstəqil Qiymətləndirmə Mərkəzinin nümayəndəsi İlqar Ağakişiyev isə sualları göndərmir. Deyir ki, biz müstəqil MMC-yik”.
Maraqlıdır, Ağdam kimi böyük bir rayonda sınaq imtahanları müstəqil şəkildə keçirilə bilməzmi?
Mövzu ilə təhsil ekperti Ramin Nurəliyev fikirlərini Gununsesi.info -ilə bölüşüb:

“Ağdamda sınaq imtahanlarının keçirilməsi mümkündür. Müstəqil Qiymətləndirmə Mərkəzi müxtəlif kurslarla müqavilə əsasında həmin kurslarda sınaq imtahanlarının keçirilməsini təmin edir.
Əgər “Zəfərə Doğru” Tədris Mərkəzi OTK sınaq imtahanlarının keçirilməsi ilə bağlı Müstəqil Qiymətləndirmə Mərkəzi ilə birgə əməkdaşlıq etmək istəyirsə, o zaman Müstəqil Qiymətləndirmə Mərkəzinin şərtlərini qəbul etməlidir.
Hazırda həmin şərtlərin nədən ibarət olduğunu bilmirəm. Məsələn, hər hansı qurum, o cümlədən Dövlət İmtahan Mərkəzi sınaq imtahanı keçirirsə və siz kurs və ya məktəb olaraq həmin imtahanın sizin müəssisənizdə keçirilməsini istəyirsinizsə, təşkilatçının müəyyən etdiyi şərtləri qəbul etməlisiniz. Əgər həmin şərtlərlə razılaşmırsınızsa, Dövlət İmtahan Mərkəzinin sizin məktəbdə sınaq imtahanı keçirməməsi normal haldır.
Bu baxımdan, narazılıq etmək və ya şikayət etmək ki, “siz gəlib bizim burada sınaq imtahanı keçirməlisiniz”, bir qədər anlaşılmaz görünür. Təşkilatçı qurum imtahanın keçirilməsi ilə bağlı şərtləri müəyyən edir. Qarşı tərəf həmin şərtlərlə razılaşmaya bilər. Bu halda təşkilatçı da imtahanı keçirməkdən imtina edə bilər.
Məsələn, Müstəqil Qiymətləndirmə Mərkəzi sınaq imtahanının iştirak haqqını 15 manat müəyyən edirsə və bunun 10 manatının mərkəzə, 5 manatının isə kursa qalmasını təklif edirsə, kurs bu şərtlə razılaşmaya bilər. Kurs, məsələn, Mərkəzə 8 manat ödəməyi təklif edə bilər. Lakin bu, Müstəqil Qiymətləndirmə Mərkəzinin həmin təklifi qəbul etməyə və sınaq imtahanını orada keçirməyə məcbur olduğu anlamına gəlmir. Mərkəz öz qərarına uyğun olaraq təklifdən imtina edə və imtahanı keçirməyə bilər.
Yəni bu, təşkilatçı qurumun müstəqil qərarıdır. Hazırda OTK sınaq imtahanlarını Müstəqil Qiymətləndirmə Mərkəzi təşkil edir. Buna görə də əməkdaşlıq etmək istəyən kurs həmin qurumun müəyyən etdiyi şərtləri nəzərə almalıdır.
Əslində, “Zəfərə Doğru” Tədris Mərkəzi Müstəqil Qiymətləndirmə Mərkəzi ilə razılığa gəlməlidir. Onların təklifləri və şərtləri əsasında əməkdaşlıq qurulmalıdır. Əgər Müstəqil Qiymətləndirmə Mərkəzi müqavilə bağlamaq üçün kursun MMC kimi qeydiyyatdan keçməsini tələb edirsə, həmin kurs bu tələbi yerinə yetirməlidir.
Əgər kurs MMC deyilsə, sınaq imtahanlarının keçirilməsi üçün Müstəqil Qiymətləndirmə Mərkəzi ilə müqavilə bağlamaq məsələsi də ortaya çıxır. Təşkilatın hüquqi qeydiyyatı yoxdursa, onunla müqavilənin hansı əsasla bağlanacağı sual doğurur.
Ağdamda sınaq imtahanlarının keçirilməsi, ümumiyyətlə, müsbət haldır və belə imtahanların keçirilməsi vacibdir. Əgər həmin şəhərdə Müstəqil Qiymətləndirmə Mərkəzi başqa bir kursla razılaşaraq sınaq imtahanı təşkil edirsə, buna etiraz etmək düzgün deyil.
Əgər başqa kursla belə bir razılaşma yoxdursa, tərəflər bir araya gələrək ortaq məxrəcə gələ və sınaq imtahanının keçirilməsi ilə bağlı razılıq əldə edə bilərlər. Bunun üçün “Zəfərə Doğru” Tədris Mərkəzi Müstəqil Qiymətləndirmə Mərkəzinin təklif və şərtlərini qəbul etməlidir. Çünki sınaq imtahanının təşkilatçısı Müstəqil Qiymətləndirmə Mərkəzidir və qarşı tərəf həmin şərtlərlə razılaşdığı halda əməkdaşlıq mümkündür”.