İranın Kərəc şəhərində islam dininin bəhai təriqətinə mənsub olan daha 5 bəhai saxlanılıb. İnsan haqları təşkilatlarının yaydığı məlumata görə, onların "sistemə və şəriət qaydalarına zidd təbliğat”da ittiham edilir. Maraqlıdır, islam rejiminin sayları 300 mindən çox olan bəhailərə mənfi münasibəti nədən qaynaqlanır? İlahiyyatçı alim Tural İrfan Hebriand.az-a açıqlamasında deyib ki, bəhailərin sıxışdırılması yeni deyil:
“Bəhailik İranda yaranıb və ilk bəhailər də iranlıdır. İnqilaba qədər onların sayı 500 min göstərilirdi. Lakin indiki rejim bəhailərə qarşı amansız repressiyalar və məhrumetmələr yaşadıqdan sonra sayları azalıb 300 minə qədər endi. İnqilabın ilk illərində bəhailərə qarşı demək olar ki, siyasi soyqırımı həyata keçirildi. Kütləvi edamlar oldu, əksəriyyəti də ölkəni tərk etdi. Hətta iş o yerə çatdı ki, rejimin daxilindəki nisbətən insaflı adamlar buna dözməyib etiraz etdi. Hətta yüksək mənsəb sahibi, inqilab liderindən sonra onun həqiqi varisi elan olunmuş Ayətullah Hüseynəli Müntəziri məhz bu məsələyə görə rejimə etiraz etdiyinə görə siyasi səhnədən uzaqlaşdırılaraq varislikdən məhrum edildi. O deyirdi ki, bəhailər də iranlılardır, buna görə də vətəndaşlıq hüquqlarından istifadə etməlidirlər. “Bəhailərin müqəddəs bir kitabı yoxdur” bəhanəsi ilə 1979-cu il Konstitusiyasında xristianlar, yəhudilər və zərdüştilər kimi dini azlıq olmadığını qeyd etmişdilər və onları digər din mənsublarının malik olduğu haqlardan məhrum vəziyyətə salmışdılar. Müntəziri isə qeyd edirdi ki, ancaq Bəhailər bu ölkədən olduqları üçün bu ölkədə doğuşdan gələn haqlara və vətəndaşlıqdan irəli gələn hüquqlara malikdirlər və dolayısı ilə İslamın Quranda və hədislərdə vurğuladığı ləyaqətlə yaşamaq hüququndan istifadə etməlidirlər. Lakin İran rejiminin hətta Ayətullah Müntəzirinin özünə belə aydın olmayan batini mahiyyəti bəhailərin də digər zümrələr kimi haq sahibi olmasına imkan vermirdi”. İlahiyyatçı hesab edir ki, bəhailərin hazırda eyni davamiyyətlə sıxışdırılması dini baxımdan və insan haqları yönündən yolverilməzdir: “Bəhai dininin mahiyyəti İran molla rejimi üçün qorxulu görünür. Çünki əsasən bərabərliyi, ədaləti və tolerantlığı ön plana çəkən bu dinə azadlıq verilsə demək olar ki, qısa müddət ərzində İran əhalisinin əksəriyyəti bəhai ola bilər. Hazırda İranda mövcud ideoloji xətt olan siyasi məzhəbin məhz özündən ayrılıb müstəqil din halına gələn bəhailik indiki teokratik sistemin əsas ideoloji sütunu olan cərəyanın bütün zəif və nöqsanlı tərəflərini analiz edərək özünəməxsus şəkildə bu boşluğu doldurmuşdur”.