Advertisment

Avtobuslarda yeni tarif modelinə keçid: “Əvvəlcə bunlar dəyişməlidir"-Ekspert

Hazırda gündəmdə olan məsələlərdən biri də Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının məsafəyə uyğun hesablanması və sosial güzəştlərin genişləndirilməsidir. Yeni tarif modelinin sərnişinlərin xərclərinə necə təsir edəcəyi ilə bağlı müzakirələr davam edir. Məsafəyə görə ödəniş sisteminin tətbiqi üçün avtobusların tam şəkildə elektron ödəniş infrastrukturuna inteqrasiyası əsas şərtlərdən biri hesab olunur. Hazırda nəqliyyat parkının bir hissəsinin hələ də nağd ödənişlə işləməsi yeni sistemin yaxın zamanda tətbiqini sual altında qoyur. Bəs Azərbaycanda məsafəyə görə ödəniş və güzəştli tariflər nə vaxt tətbiq oluna bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Herbiand.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə yeni məlumatların yaxın vaxtlarda açıqlanması gözlənilsə də, sistemin dərhal tətbiqi real görünmür.

Ekspertin sözlərinə görə, hazırda avtobus parkının təxminən 85 faizi nağdsız ödəniş sistemi ilə təchiz olunub, qalan 15 faiz isə hələ də nağd ödəniş əsasında fəaliyyət göstərir:

“Köhnə avtobuslar yenilənmədən və onların elektron ödəniş sisteminə inteqrasiyası tamamlanmadan məsafəyə əsaslanan tarif modelini tətbiq etmək mümkün deyil. Yeni sistem yalnız kartla ödənişdən ibarət olmayacaq. Avtobuslarda validatorlar, elektron hesablayıcılar və digər rəqəmsal texnologiyalar vasitəsilə sərnişinin harada mindiyi, harada düşdüyü, neçə dayanacaq və ya nə qədər məsafə qət etdiyi avtomatik hesablanmalıdır. Bu infrastruktur tam qurulmadan sistem öz məqsədini doğrultmayacaq”.

Ekspert əlavə edib ki, aparılan müzakirələr təkcə məsafəyə görə gediş haqqını deyil, həm də güzəştli tariflərin genişləndirilməsini əhatə edir. Onun sözlərinə görə, gələcəkdə tələbələr, təqaüdçülər və digər sosial həssas qruplar üçün daha aşağı tariflərin, hətta bəzi hallarda ödənişsiz gediş imkanlarının yaradılması da nəzərdən keçirilir.

E.Muradlının fikrincə, ilk mərhələdə bütün avtobuslarda vahid nağdsız ödəniş infrastrukturu formalaşdırılmalıdır. “Yalnız bundan sonra məsafəyə əsaslanan və sosial güzəştləri özündə birləşdirən yeni tarif sisteminin tətbiqi gündəmə gələ bilər”-deyə, o, bildirib.

 

Yunis İsrəfilov

Hebriand.az