Hər il çimərlik mövsümünün başa çatdıqdan sonra Abşeron çimərliklərində məişət tullantıları çoxalır. Bu isə ekoloji problemlərə yol açır. Çimərliklərdə bəzi məsuliyyətsiz insanların qoyub getdiyi plastik qablar, polietilen torbalar və digər tullantılar ətraf mühitin çirklənməsinə səbəb olur. Bu mənzərə həm sahillərin estetik görünüşünü korlayır, həm də dəniz ekosisteminə mənfi təsir göstərir.
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov Herbiand.az-a açıqlamasında bildirib ki, dəniz sahilləri mütəmadi olaraq məişət tullantılarından təmizlənməlidir: “Sahilboyu ərazilərin təmizliyi diqqət mərkəzində saxlanılmalıdır. Bərk məişət tullantılarının, daş-kəsəyin, şüşə qırıntıları toplanaraq ərazidən kənara daşınmalıdır.
Sahil ərazilərinin təmizliyinin təmin olunmasında bələdiyyə ilə yanaşı, rayon kommunal xidmətlərinin də üzərində mühüm vəzifə var. Müxtəlif vaxtlarda İcra hakimiyyətlərinin nəzarəti ilə sahilyanı ərazilərdə təmizlik işləri və iməciliklər keçirilməlidir. Vaxtaşırı bu cür aksiyalar keçirilir. Həmçinin “Təmiz Şəhər”, IDEA və digər qurumların iştirakı ilə Buzovna çimərliyində ekoloji aksiyalar təşkil olunur, toplanan tullantılar çeşidlənmək üçün aidiyyəti müəssisələrə daşınır”.
S.Həsənov təssüflə bildirib ki, çimərlik mövsümündən sonra bəzi sahilyanı ərazilərdə məişət tullantılarının yenidən qalaqlanması müşahidə olunur. Bu onu göstərir ki, problemin yalnız birdəfəlik iməciliklər və aksiyalarla həlli mümkün deyil. Sahilyanı ərazilərdə mütəmadi monitorinq və təmizlik işləri aparılmalı, vəziyyət nəzarətdə saxlanmalıdır. Əsas məsələ problemin yaranmamasıdır. Bunun yolu isə ekoloji maarifləndirmədən keçir. Problemi yalnızca təmizlik aksiyaları keçirməklə həll etmək mümkün deyil. Əsas məsələ insanların ətraf mühitə münasibətinin və ekoloji şüurunun dəyişməsidir.
Cəmiyyətin hər bir üzvü təmiz və sağlam mühitin qorunmasına öz məsuliyyəti kimi yanaşmalıdır. Təmizlik, əslində, şüurdan başlayır və bu şüur ilk növbədə insanın öz evində, həyətində və yaşadığı ərazidə formalaşır. Necə deyərlər, təmizlik evin kandarından başlanır. Evini və həyətini təmiz saxlayan insanın küçəni, parkı, çimərliyi və digər ictimai məkanları zibilləməməsi üçün də yüksək məsuliyyət hissi olur.
Ekoloji şüuru formalaşmış insan istifadə etdiyi plastik qabı, kağızı və digər tullantıları təsadüfi yerə atmaz. Bu baxımdan uşaqların və gənclərin erkən yaşlarından təbiətə, canlı alımə hörmət ruhunda tərbiyə olunması xüsusi əhəmiyyət daşıyır. Məktəblərdə, ailələrdə və ictimai məkanlarda ekoloji maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır. İnsanlara yalnız “zibil atmayın” demək kifayət deyil, onlarda təbiətə və yaşadığı əraziyə qarşı məsuliyyət hissi formalaşdırılmalıdır. Çünki təmizlik yalnız kommunal xidmətlərin və ya bələdiyyələrin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.
Təmiz şəhər, təmiz küçə və təmiz sahil ilk növbədə təmiz düşüncənin nəticəsidir”.