Bu gün sentyabrın 26-da Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbində Azad Müəllimlər İctimai Birliyinin (AMİB) həyata keçirdiyi “Təhsilverənlərin və təhsilalanların İKT-dən məqsədyönlü istifadəetmə bacarıqlarının inkişafı” layihəsi çərçivəsində beşinci təlim keçirilib.
Təlim beynəlxalq təhsil proqramlarının iştirakçısı, AMİB-in təlimçilərindən biri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) aparıcı metodisti Nüşabə Mehtiyeva tərəfindən aparılıb.
Beşinci təlimdə əsas diqqət iştirakçıların əvvəlki mərhələlərdə hazırladıqları rəqəmsal tədris məhsullarının sınaqdan keçirilməsinə, onların qarşılıqlı qiymətləndirilməsinə və əldə olunan rəylər əsasında təkmilləşdirilməsinə yönəldilib.
Təlimin əsas məqsədi hazırlanmış rəqəmsal məhsulların praktik şəkildə sınaqdan keçirilməsi, iştirakçılar arasında qarşılıqlı rəyvermə (peer-feedback) mədəniyyətinin formalaşdırılması və verilən konstruktiv rəylər əsasında rəqəmsal məhsulların keyfiyyətinin yüksəldilməsi olub.
Təlim çərçivəsində iştirakçıların hazırladıqları rəqəmsal məhsulları obyektiv qiymətləndirməsi, verilən rəyləri qəbul edərək zəruri düzəlişlər aparması və nəticədə daha keyfiyyətli rəqəmsal tədris məhsulu hazırlaması qarşıya məqsəd qoyulub.
Rəqəmsal məhsullar 4 əsas meyar pedaqoji uyğunluq, istifadə rahatlığı, interaktivlik, etik və təhlükəsizlik üzrə qiymətləndirilib.
Pedaqoji uyğunluq istiqamətində məhsulun dərsin məqsədinə xidmət etməsi və təqdim olunan məzmunun dəqiqliyi nəzərdən keçirilib.
İstifadə rahatlığı üzrə dizaynın sadə və aydın olması, eləcə də istifadəçinin məhsul daxilində rahat naviqasiya edə bilməsi qiymətləndirilib.
İnteraktivlik meyarında şagirdlərin aktiv şəkildə prosesə cəlb olunması və əks-əlaqə imkanlarının yaradılması diqqət mərkəzində saxlanılıb.
Etik və təhlükəsizlik istiqamətində isə rəqəmsal təhlükəsizlik məsələləri və müəllif hüquqlarına riayət olunması nəzərdən keçirilib.
Təlimdə qarşılıqlı rəyvermənin effektiv təşkili məqsədilə “2 ulduz + 1 arzu” metodundan istifadə edilib.
Metoda əsasən iştirakçılar təqdim olunan rəqəmsal məhsulun iki güclü tərəfini qeyd edib və məhsulun daha da inkişaf etdirilməsi üçün bir konkret təklif irəli sürüblər.
Burada əsas prinsip rəyin şəxsin özünə deyil, yalnız hazırladığı məhsula yönəldilməsi olub. İştirakçılara izah edilib ki, rəyvermənin məqsədi səhvləri aşkar etməkdən daha çox, hazırlanmış məhsulun keyfiyyətinin yüksəldilməsinə və inkişafına dəstək verməkdir.
Təlim zamanı müəllim–şagird cütləri hazırladıqları rəqəmsal məhsulları digər cütlərə təqdim edib, onların praktik istifadəsini həyata keçiriblər.
Rəy verən cütlər məhsulları interaktiv şəkildə yoxlayıb, müəyyən edilmiş qiymətləndirmə meyarları əsasında “2 ulduz + 1 arzu” formasında konstruktiv rəylər təqdim ediblər. Təlim çərçivəsində ümumilikdə 10 cüt arasında qarşılıqlı rəy mübadiləsi həyata keçirilib.
İştirakçılar rəqəmsal məhsulların istifadə rahatlığını da xüsusi olaraq qiymətləndiriblər. Bu zaman şriftlərin oxunaqlı olması, rəng kontrastının istifadəçini yormaması, dizaynda mürəkkəb və artıq detallara yol verilməməsi kimi məsələlər diqqətdə saxlanılıb.
Bununla yanaşı, keçidlərin və düymələrin düzgün işləməsi, media fayllarının problemsiz açılması və məhsuldan istifadənin istifadəçi üçün mürəkkəblik yaratmaması üzrə texniki yoxlamalar aparılıb.
Təlim iştirakçıları rəqəmsal məhsulların pedaqoji effektivliyini də təhlil ediblər.
Bu çərçivədə aşağıdakı suallar ətrafında praktik müzakirələr aparılıb:
• Rəqəmsal məhsul şagirdi passiv dinləyicidən aktiv iştirakçıya çevirirmi?
• Hazırlanmış tapşırıq və suallar təlim məqsədinə cavab verirmi?
• İKT alətindən istifadə dərsdə vaxt itkisinin qarşısını alırmı?
• Rəqəmsal məhsul dərs prosesini daha maraqlı və anlaşılan edirmi?
Təlimin növbəti mərhələsində iştirakçılar aldıqları rəyləri təhlil edib, məhsullarında zəruri dəyişikliklər aparıblar. Dizayn və məzmun üzrə düzəlişlər edilib, müəyyən edilmiş texniki və vizual uyğunsuzluqlar aradan qaldırılıb.
Nəticədə hər bir cüt öz rəqəmsal tədris məhsulunu daha funksional, interaktiv və pedaqoji baxımdan məqsədəuyğun vəziyyətə gətirib.
Beşinci təlimin sonunda iştirakçıların qarşısında əsas nəticə kimi təkmilləşdirilmiş vahid rəqəmsal tədris məhsulunun hazırlanması müəyyənləşdirilib.
Təlimin sonunda bildirilib ki, layihənin növbəti – 6-cı günündə 10 rəqəmsal tədris məhsulunun yekun təqdimatı və müdafiəsi keçiriləcək.
Beşinci təlim iştirakçıların yalnız rəqəmsal məhsul hazırlamaq deyil, həm də həmin məhsulu obyektiv qiymətləndirmək, konstruktiv rəy qəbul etmək və əldə olunan rəylər əsasında öz işlərini təkmilləşdirmək bacarıqlarının inkişafına xidmət edib.
Layihənin əsas məqsədlərindən biri təhsilverən və təhsilalanların İKT vasitələrindən məqsədyönlü, yaradıcı və pedaqoji baxımdan səmərəli istifadə bacarıqlarının artırılmasıdır.