Advertisment

“Rus bölməsi”indən Mərkəzi Asiya universitetlərinə -Ekspert səbəbləri açıqladı

Azərbaycanda rus bölməsini bitirən məzunların bir qisminin qəbul imtahanlarında nisbətən aşağı nəticə göstərməsi onların ali təhsil seçimlərinə də təsir edir. Belə məzunların çox hissəsi ali təhsil almaq üçün Rusiya, Ukrayna və Mərkəzi Asiya ölkələrinin universitetlərimi seçir. Bəs rus bölməsinin məzunlarının qəbul nəticələri niyə aşağı olur? Onların Türkiyə və Avropa univeristetlərinə yolu niyə bağlıdır?

Təhsil eksperti İlqar Orucov Herbiand.az-a açıqlamasında deyib ki, bununla bağlı səslənən fikirlərdə həqiqət payı çoxdur:

“Dövlət İmtahan Mərkəzi Azərbaycan, rus, ingilis və yaxud hansısa bir digər dildə təhsil almış məzunların və abituriyentlərin nəticələrini şəffaf şəkildə açıqlayır. Sadəcə olaraq Azərbaycan bölməsində təhsil alanların sayı ilə müqayisədə, digər dillərdə təhsil alanların sayı azdır deyə, sonda sanki bu statistika görünmür. Digər tərəfdən zaman-zaman rus bölməsində təhsil alan məzunların imtahan nəticələrinin aşağı olması ilə bağlı fikirlər səslənir. Bunun həqiqətən də müəyyən qədər əsası var. Çünki mən bu prosesi ətraflı araşdırmışam və apardığım müşahidələr bir sıra nəticələr çıxarmağa əsas verir. Birincisi, rus bölməsində həqiqətən də yaxşı müəllim tapmaq çətindir. Belə olduğu təqdirdə, əlbəttə ki, rus bölməsində məzun olmuş bizim deməli şagirdlərimiz universitetlərə imtahan verərkən Azərbaycan bölməsi ilə müqayisədə əlbəttə ki, kifayət qədər yüksək nəticə qazana bilmirlər”.

İlqar Orucov hesab edir ki, rus bölməsində oxuyanların bir qismi təhsillərini digər ölkələrdə almağa üstünlük verirlər, amma Mərkəzi Asiya ölkələrini seçmələri bir sıra səbəblərlə bağlıdır.

“Ukrayna müharibəsinə qədər daha çox Rusiyada təhsil almağı hədəfləyirdilər. Amma o münaqişədən sonra, eyni zamanda Rusiya diplomlarının tanınmasında problem yarandığı üçün bizim gənclər son illərdə, daha çox Orta Asiya respublikalarına üz tuturlar”-deyə, o, bildirib.

Rusiya ali təhsil sisteminin Boloniya prosesindən tamamilə uzaqlaşdığını vurğulayan ekspert hesab edir ki, Rusiya universitetlərinin məzunları daha çox, məhz bəlli bir məkanın əmək bazarında iş tapmaq imkanı əldə edə bilirlər: “Belə olduğu təqdirdə rus bölməsinin məzunları daha çox Özbəkistan, Qazaxıstan, Tacikistan universitetlərinə üz tuturlar. Bu da həmin ölkələrdə həm də universitetlərə marağı kifayət qədər artırıb”.

İ.Orucovun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin universitetlərini cəlbedici edən amillərdən biri də odur ki, onlar ikili diplom proqramlarını reallaşdırırlar: “Eyni zamanda orada təhsil haqqı ucuzdur. Digər tərəfdən orada türk dövlətlərinin nümayəndləri üçün ortaq bir mədəni mühit var. Həmçinin o ölkələrdə təhlükəsiz mühit var, ölkələr arasındakı münasibətlər yüksək səviyyədədir”.

 

Məhəmməd Əliyev

Herbiand.az