Advertisment

“Qarabağa yol açanlar ora səfər etmək üçün icazə almamalıdır”-Emin Həsənli

“Şəhid ailələrinin nümayəndələri, Milli qəhrəmanlar, Vətən Müharibəsi Qəhrəmanları və qazilər Qarabağa səfər etmək üçün “Yolumuz Qarabağa” portalından əvvəlcədən icazə almaq məcburiyyətindən azad edilməlidirlər”. 

Bu sözləri herbiand.az-a açıqlamasında “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədir Emin Həsənli deyib. 

“Qarabağın və Şərqi Zəngəzurun azadlığı şəhidlərimizin canı, qazilərimizin isə qanı və sağlamlığı bahasına başa gəlib. Bu gün həmin müqəddəs torpaqlarda dalğalanan üçrəngli bayrağın arxasında onların qəhrəmanlığı dayanır”-deyən, Emin Həsənli bildirib ki, şəhid ailələri, qazilər və Milli qəhrəmanlar Qarabağa səfər zamanı lüzumsuz bürokratik əngəllərdən azad olmalıdırlar. 

Onun sözlərinə görə, Vətən uğrunda canından və sağlamlığından keçən insanların doğma torpaqlara səfəri əlavə prosedurlarla məhdudlaşdırılmamalıdır. Qarabağa gedən yolu öz qanları ilə açan insanların bu torpaqlara qovuşması üçün bütün imkanlar yaradılmalıdır:

 “Qarabağa gedən yolu onlar öz qanları ilə açıblar, bu torpaqlara qayıdışımızı onlar mümkün ediblər. Bu gün azad Qarabağda “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, yüzlərlə insan çalışır, minlərlə ailə doğma yurdlarına qayıdaraq burada yaşayır. 

Lakin Qarabağın azadlığı uğrunda ən ağır yükü çiyinlərində daşıyan şəhid ailələrinin və qazilərin doğma torpaqlara səfəri adi prosedurla məhdudlaşdırılmamalıdır. Onlar üçün Qarabağa getmək sadəcə səfər deyil, şəhidlərin ruhunu ziyarət etmək, yarımçıq qalmış arzulara qovuşmaq, qanla azad edilmiş torpaqlara baş çəkməkdir. 

Bu baxımdan şəhid ailələrinin, Milli qəhrəmanların, Vətən Müharibəsi qəhrəmanlarının və qazilərin “Yolumuz Qarabağa” portalı vasitəsilə əvvəlcədən icazə almaq tələbindən azad edilməsi həm mənəvi, həm də sosial baxımdan mühüm addım olardı.

Qarabağa gedən yolu açan insanlara Qarabağa getmək üçün yol göstərmək deyil, onların qarşısında bütün yolları açıq saxlamaq lazımdır”.

E.Cəfərli
Herbiand.az