Son zamanlar sosial şəbəkələrdə və müxtəlif təlim mərkəzlərində qısamüddətli psixologiya kurslarının sayının artması, eləcə də bu kursları başa vuran şəxslərin psixoloji xidmət göstərməyə başlaması cəmiyyətdə narahatlıq yaradıb. Bu məsələ haqlı olaraq suallar doğurub. Qısamüddətli kursu bitirən şəxs psixoloji xidmət göstərmək üçün kifayət qədər peşə hazırlığına malikdirmi? Belə kursların məzunlarına psixoloq kimi fəaliyyət göstərmək hüququ verilir, yoxsa onlar yalnız müəyyən məsləhət və dəstək xidmətləri göstərə bilərlər? Kursu bitirən şəxslərin peşəkar fəaliyyəti hansı qurum tərəfindən tənzimlənir və yoxlanılır?

Təhsil eskperti Rizvan Fikrətoğlu Herbiand.az-a açıqlamasında ölkədə psixologiya sahəsindəki mövcud vəziyyət, psixoloji yardım göstərməyin hüquqi əsasları və bu istiqamətdə təşkil olunan kurslar barədə danışıb.
Ekspert bildirib ki, burada əsas məsələ aylığı 40 manata kurs açmaq imkanından daha çox, həmin şəxsin özünü psixoloq kimi təqdim etməyə və psixoloji yardım göstərməyə qanuni əsasının olub-olmamasıdır:
"Psixoloji yardım haqqında” qanuna görə, psixoloq işləmək istəyən şəxs psixologiya ixtisası üzrə ali təhsil almalı və yaxud qanuna uyğun əlavə təhsil yolu ilə bu ixtisası əldə etməlidir. Onun psixoloji yardım göstərmək hüququ olmalıdır. Qanun həmçinin “psixoloq”, “psixoloji yardım”, “psixoterapiya” və sair ifadələrin istifadəsini müəyyən tələblərlə bağlayır. Lisenziya məsələsində bəzi məlumatsızlıqlar var. Qanunda adi psixoloqun fəaliyyətinə dair əsas tələb kimi ümumi mənada lisenziya deyil, psixoloq olmaq üçün müəyyən edilmiş təhsil və peşə tələbləri nəzərdə tutulur. Səhiyyə müəssisələrində fəaliyyət göstərən klinik (tibbi) psixoloqlar üçün isə ayrıca ixtisas attestasiyası və ixtisaslaşma tələb olunur".
Ekspert hesab edir ki, kursun aylığının 40 manat olması öz-özlüyündə keyfiyyətsizlik anlamına gəlmir:
"Lakin kursu açan şəxs özünü psixoloq, psixoterapevt və digər peşə adları ilə təqdim edirsə, onun təhsili, ixtisası, peşə hazırlığı və göstərdiyi xidmətin mahiyyəti mütləq araşdırılmalıdır. Xüsusilə uşaqlarla işləyən, travma, depressiya, təşviş, intihar düşüncələri, psixoloji pozuntu kimi ciddi məsələlərə müdaxilə edən şəxslərdə bu məsələ daha həssas olmalıdır. Qanun klinik psixoloq üçün ayrıca daha yüksək tələblər də müəyyən edir".
Rizvan Fikrətoğlunun sözlərinə görə, bu sahədə mediada müzakirəyə çıxarılmalı əsas suallar bunlardır:
-Psixoloq olmaq üçün hansı təhsil və peşə tələbləri var?
-Kurs bitirən hər kəs özünü psixoloq adlandıra bilərmi?
-Bu sahədə dövlət nəzarəti necə tənzimlənməlidir?
R.Fikrətoğlu bu məsələyə dövlət nəzarətinin vacibliyini xüsusi vurğulayıb:
"Psixoloqun peşə təhsili olmalı, kurs bitirən şəxs özünü psixoloq adlandırmamalı və bu sahədə dövlət nəzarəti tənzimlənməlidir. İnsanların bu sahəyə böyük ehtiyacı var və onlar real, peşəkar psixoloq tapana qədər qeyri-ciddi, qeyri-peşəkar şəxslərin əlində qalırlar. Bu da vətəndaşların həm pullarının, həm də vaxtlarının itməsinə, əsəblərinin daha da pozulmasına gətirib çıxarır".
Yunis İsrəfilov