Advertisment

“Dövlət suverenliyinin bərpası uzun və mürəkkəb tarixi yolun nəticəsidir” -QHT sədri

“2024-cü il sentyabrın 19-da imzalanan prezdent sərəncamı ilə "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü” təsis edilib. Bu cümlə quru bir xronika deyil. Bu, Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcıdır”. Bu sözləri Herbiand.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərəli deyib.

“Tarixdən bəllidir ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparmış, xarici dəstəkçilərin köməyi ilə ölkənin 20 faizini işğal etmişdi. Buna qədər Ermənistan öz ərazisində entik təmizləmə siyasəti həyata keçirmiş, soydaşlarımı deporatsiya etmişdi. Eyni proses Qarabağda da həyata keçirilmişdi. Özü də proses qanlı qətliamlarla müşahidə olunurdu. Qaradağlıda, Meşəlidə, Ağdabanda, Başlıbeldə, Xocalıda yüzlərlə günahsız soydaşımız erməni vandalizminin qurbanı olmuşdu. 1994-cü ildə müvəqqəti atəşkəs imzalansa da, ermənilər işğal bölgəsində bu dəfə təbii resurslarımıza qarşı vandalizm aktlarını davam etdirirdi. Beynəlxalq təşkilatlar, o cümlədən 1992-ci ildən qurulmuş ATƏT-in Minsk qrupu ədalətli sülhün əldə olunması üçün heç bir addım atmırdı. 1997-ci ildən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Rusiya və Fransa Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi məsələsində konkret və nəticəyönümlü mexanizmlər formalaşdıra bilmədi. Əksinə onlar işğal faktını dilə gətirməkdən qaçır, mövcud status-kvonu legitimləşdirməyə, yəni Azərbaycanı işğal faktı ilə barışdırmağa çalışırdı.

Azərbaycanın səbr kasası ilk dəfə 2016-cı ilin aprelində daşdı. Güclü həmlə ilə 4 günlük əməliyyatda bir neçə strateji mövqe ələ keçirlildi. Bu taktiki qələbə əslində Böyük Zəfərin başlanğıcı oldu. Çünki Azərbaycan ordusu düşmən qarşısında psixoloji üstünlük qazanmışdı.

Nəhayət, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin rəhbərlik etdiyi diplomatiyamız haqq mübarizəmiz dayandırmağa çalışan iri güclərin təzyiqlərinə boyun əymədi. Döyüş meydanında qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti, masada diplomatlarımızı çevikliyi 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli bəyanatın imzalanması ilə nəticələndi. 30 il torpaqlarımızı işğalda saxlamış Ermənistan kapitulyasiyaya imza atdı, öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyi götürdü”-deyə, o, bildirib.

E.Cəfərlinin sözlərinə görə, təslimçi sənədə imza atsa da, təxribatları davam etdirən Ermənistanın 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə daşıyırdı:

“480 kilometrədək təmas xətti boyunca yeni ərazilər minalanmış, 500-dən artıq döyüş mövqeyi möhkəmləndirilmişdi. Əl altından döyüşə hazırlaşan düşmən 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələrinin quraşdırmışdı. 2023-cü il sentyabrın 18-də Azərbaycanın hava sahəsindən uçuşlar yerinə yetirən sərnişin təyyarələrinin GPS naviqasiya sistemlərinə qarşı Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə olan qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələr tətbiq edildi. Bir gün sonra Xocavənd rayonu ərazisində Azərbaycan AYDA-ya məxsus avtomobil düşmənin gizli silahına tuş gəldi- minaya düşdü. Elə həmin gün polis işçilərini daşıyan maşının minaya düşməsi nəticəsində onlarla insanımış şəhid oldu...

Erməni silahlı birləşmələrinin təxribat-diversiya fəaliyyəti gücləndikdə Bakıda sinirlər gərilirdi. Aşkar görünürdü ki, böyük proses hələ bitməyib. Qalırdı müzəffər ali baş komandanın uyğun zamanı göstərməsi. O zaman 2023-cü il sentyabrın 19-da gəldi. Ali Baş Komandan gözlənilən əmri verdi. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri 23 saat 43 dəqiqə davam etdi. Sentyabrın 20-si saat 13:00-da əldə olunan razılaşma ilə əməliyyat dayandırıldı. Azərbaycan ordusunun uğrulu nöqtə atışları və güclü əks-həmləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçıların qanunsuz silahlı dəstələri tərksilah edildi və Azərbaycan ərazisindən çıxarıldı. Hərb tarixinə düşəcək bu unikal əməliyyat nəticəsində Azərbaycanın Qarabağ bölgəsində Konstitusiya quruluşu bərpa edildi və ölkənin dövlət suverenliyi tam təmin olundu”. QHT sədri hesab edir ki, məhz buna görə 20 sentyabr Azərbaycan üçün adi təqvim günü deyil: “Bu tarix uzun illər davam edən işğal dövrünün və region 30 il geri atmış, beynəlxalq təşkilatların həll etməkdə aciz qaldığı bir münaqişənin birdəfəlik başa çatmasını, Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpasını simvolizə edən tarixi gündür. 20 sentyabr Azərbaycanın müasir dövlətçilik tarixində yeni səhifənin açıldığı gün olmaqla Cənubi Qafqazda yeni siyasi düzənin formalaşdığı mühüm tarixi mərhələdir”.

 

Yunis İsrəfilov 

Herbiand.az