Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suverenliyin işığında gənclik” adlı elmi-mədəni-kütləvi tədbir keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Sənaye və Texnologiya Kollecinin kafedra müdiri Aynur Rzaquliyeva açaraq 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb. O, Azərbaycan dövlətinin uzun illər işğal altında qalmış torpaqlarının azad olunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətdən, bu mübarizədə Azərbaycan gəncliyinin rolundan bəhs edib.
Daha sonra Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını xalqımızın tarixində ən mühüm və şərəfli hadisələrdən biri kimi qiymətləndirib.
Vüqar Qədirov qeyd edib ki, 30 ilə yaxın davam edən işğala 2020-ci ildə Vətən müharibəsi nəticəsində son qoyulub, Ermənistan kapitulyasiya xarakterli bəyanatı qəbul etməyə məcbur olub. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyi tam bərpa edilib.
Çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində uzun illər davam edən beynəlxalq diplomatik prosesə də toxunan təşkilat sədri bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətdə olduğu dövrdə Azərbaycan üçün ədalətli və davamlı həllin əldə olunması mümkün olmayıb. Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün bütün siyasi və diplomatik imkanlardan istifadə etdikdən sonra hərbi yola müraciət edib.
Vüqar Qədirov həmçinin son günlər Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin Xankəndi və Şuşaya səfərlərinin Ermənistanın müəyyən siyasi dairələrində narahatlıq yaratmasına diqqət çəkib. O bildirib ki, bu cür reaksiyalar regionda baş verən yeni reallıqların bəzi dairələr tərəfindən qəbul edilmədiyini göstərir.
Tədbirdə çıxış edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Azərbaycanda vətəndaş cəmiyyətinin dövlət və cəmiyyət həyatında oynadığı roldan danışıb.
O, Dövlət Suverenliyi Gününün Azərbaycan tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq gəncləri dövlət müstəqilliyinin və suverenliyin qorunmasının əhəmiyyətini dərindən dərk etməyə çağırıb.
Ramil İskəndərlu Azərbaycan gəncliyinin ölkənin inkişafı və gələcəyi naminə fəal mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib.
Tədbirin sonunda bədii hissə təşkil olunub. Səma Vüqarlı, Həsən Zalovu, Nihad Ağayarov, Sevda Əşrəfova və Ayan Əliyeva Vətənə, dövlətə və milli dəyərlərə həsr olunmuş vətənpərvərlik ruhunda musiqi nömrələri ifa ediblər.
“Suverenliyin işığında gənclik” tədbiri Azərbaycan gənclərinin dövlət suverenliyinin, müstəqilliyin və milli həmrəyliyin qorunmasına verdiyi töhfənin nümayiş etdirilməsi baxımından əhəmiyyətli olub.