Advertisment

Herbiand.az yazdı, Milli Qəhrəmanın problemi həll edildi-FOTO

Bakı Dövlət Universitetinin (BDU) məzunu, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin oğlu Murad Quluzadənin ali təhsil haqqında sənədinin (diplomunun) təqdim olunması ilə bağlı yaranmış çətinlik aradan qaldırılıb.

Xatırladaq ki, bir qədər əvvəl Vahid Quliyev təhsil haqqı borcu səbəbindən diplomun verilməsində ləngimə yaşandığını bildirmişdi. 

Herbiand.az-ın məsələni ictimailəşdirməsindən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılıb. Milli Qəhrəmanı Vahid Quliyev Herbiand.az-a açıqlamasında övladının təhsili ilə bağlı yaranmış problemin həll edildiyini bildirib. Onun sözlərinə görə, məsələ ictimailəşdirildikdən sonra universitetin təhsil şöbəsi məsələyə operativ reaksiya verib və ailə ilə əlaqə saxlayaraq tələbənin diplomunu götürə biləcəyini bildirib. Vahid Quliyev problemin həllinə göstərilən dəstəyə görə aidiyyəti qurumların rəhbərliyinə minnətdarlığını ifadə edib.

Milli Qəhrəman bildirib ki, məsələnin qısa müddətdə öz həllini tapması ailə üçün mühüm əhəmiyyət daşıyır. O, göstərilən diqqəti yüksək qiymətləndirdiyini və məsələyə həssas yanaşan hər kəsə təşəkkür etdiyini vurğulayıb. Quliyev bu cür hallarda vətəndaş müraciətlərinə operativ münasibət göstərilməsinin vacibliyini də qeyd edib.

Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə açıqlamasında bildirib ki, Azərbaycanda şəhid ailələri, qazilər, Milli Qəhrəmanlar və ölkənin ərazi bütövlüyünün müdafiəsi uğrunda xidmət göstərmiş şəxslər dövlətin geniş sosial qayğısı ilə əhatə olunub. Onun sözlərinə görə, bu kateqoriyadan olan insanların sosial rifahı və üzləşdikləri problemlərin həlli Prezident və Birinci vitse-prezidentin daim diqqət mərkəzindədir.

Emin Həsənli problemin qısa müddətdə həllini tapmasından məmnunluğunu ifadə edib: “Belə məsələlərə operativ münasibət göstərilməsi və vətəndaş müraciətlərinin diqqətdə saxlanılması mühüm əhəmiyyət daşıyır. Şəhid ailələri, qazilər və Milli Qəhrəman ailələrinin qarşılaşdıqları problemlərin həlli istiqamətində aidiyyəti qurumların həssas və çevik yanaşması təqdirəlayiqdir”. 

E.Həsənli bu məsələnin də müsbət nəticələnməsini dövlət qurumları ilə vətəndaşlar arasında səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirib. O, problemin həllinə göstərilən diqqətə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyinə və Bakı Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib: “Bu cür yanaşma şəhid ailələrinə, qazilərə və Milli Qəhrəman ailələrinə göstərilən dövlət qayğısının mühüm nümunələrindən biridir”.

Məhəmməd Əliyev
Herbiand.az