Advertisment

“Özümu bu sahədə müəllim hesab etmirəm”-Tanınmış siyasətçi

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlik yalnız şagird və tələbələrə bilik verməkdən ibarət deyil, həm də savadlı, dünyagörüşlü və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.

Bu peşə böyük məsuliyyət, səbir və fədakarlıq tələb etdiyi üçün ən şərəfli peşələrdən biri hesab olunur.

Cəmiyyətdə elə insanlar da var ki, müəllimlik fəaliyyəti ilə yanaşı, müxtəlif sahələrdə də özlərini sınayır və ictimai proseslərdə fəal iştirak edirlər. Onlardan biri də həm pedaqoji fəaliyyətlə məşğul olan, həm də siyasət sahəsində fəaliyyət göstərən müsahibimizdir.

Bəs müəllimlik təcrübəsi onun dünyagörüşünə və ictimai-siyasi fəaliyyətinə necə təsir edib?

Ümid Partiyası sədrinin birinci müavini, siyasi şərhçi Ənvər Ağazadə də pedaqoji fəaliyyələ məşğul olan siyasilərdəndir.

Herbiand.az-a açıqlamasında Ənvər Ağazadə deyib ki, müəllimliyi bütün peşələrdən üstün hesab edir: “Mənim fikrimcə, müəllimlik bütün peşələrin fövqündə duran müqəddəs bir sənətdir. Çünki hər bir həkimin, mühəndisin, alim və ya rəssamın uğur hekayəsinin ilk səhifəsində imzası olan şəxs məhz müəllimdir.

Müəllim yalnız bilik ötürmür, insana həyatı, dəyərləri və gələcəyi kəşf etməyi öyrədir. Uşaqlara, gənclərə elm öyrətmək, bilik və bacarıqların, əxlaq və davranışlarınla onlara nümunə olmaq, gələcək həyatlarının parlaq müsbət  olmasında yer almaq, müqəddəs bir vəzifədir.

Digər peşə sahiblərinin- həkimin, mühəndisin, hüquqşünasın və.s. hamısının müəllimi olur. Hətta müəllim olmayanlara da hörmət əlaməti olaraq müraciət zamanı adından sonra "müəllim" sözü işlədilir. Məncə, kim olursan ol, hansı peşə ilə məşğul olursansa, o  peşənin müəllimi olmalısan. Mən bu gün müəllimlik edirəm. Məni ən çox sevindirən və qururlandıran şagirdlərimin uğurları olur”.

Siyasətlə də uzun müddətdir məşğul olduğunu deyən Ə.Ağazadə hesab edir ki, tutudğu yoldan peşman deyil: “Özümu bu sahədə hələ ki müəllim hesab etmirəm. Bizi siyasətə ölkəmizin, millətimizın problemləri gətirdi. 90-cı illərdə Ermənistanın ölkəmizə qarşı işğalcılıq siyasəti, torpaqlarımızın işğalı, bu milyondan çox soydaşımız yurd-yuvalarından didərgin düşməsinə bir çox gənclər kimi biz də biganə qalmadıq.

22 yaşlı bir gənc olsaydım, yenə indiki yolumu davam etdirərdim.

Çox arzu edərdim ki, gənclərimiz ölkəmizin gələcəyi, iqtisadiyyati ilə, bir sözlə siyasətlə məşğul olsunlar.  Bu sahənin ağırlıgı, mərhumiyyəti, özünəməxsus çətinlikləri var. Mənim fikrimcə, siyasətlə məşğul olanların hər şeydən öncə bir ali və müqəddəs məqsədi olmalıdır: Vətənə, dövlətə və xalqına layiqincə xidmət etmək.

Kim bu məqsədlə siyasətlə məşğul olmaq istəyəcəksə, uğur qazanacaq”.

Məhəmməd Əliyev

Herbiand.az