Müasir dünyada din və siyasət münasibətləri, xüsusilə dini dəyərlərin dövlət idarəçiliyindəki yeri siyasi müzakirələrin aktual istiqamətlərindən birinə çevrilib. Qlobal geosiyasi transformasiyalar və ideoloji qarşıdurmalar fonunda dini-siyasi idarəetmə modellərinin yenidən gündəmə gətirilməsi müxtəlif cəmiyyətlərdə fərqli yanaşmalar doğurur. Xüsusilə dünyəvi dövlətçilik ənənələrinə malik ölkələrdə şəriət qaydalarının tətbiqi məsələsi hüquqi, siyasi, sosial və mədəni baxımdan ciddi müzakirə predmetidir. Azərbaycanın tarixi dövlətçilik təcrübəsi, dünyəvi idarəçilik modeli və təhsil ənənələri bu məsələnin milli inkişaf və ictimai tərəqqi kontekstində təhlilini zəruri edir. Bu baxımdan dini dəyərlərlə dünyəvi dövlət prinsipləri arasındakı münasibətlərin elmi əsaslarla araşdırılması müasir cəmiyyətin gələcək inkişaf istiqamətlərinin dərk edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Herbiand.az-a açıqlamasında bildirib ki, 200 illik dünyəvi dövlətçilik və dünyəvi təhsil ənənələrinə malik Azərbaycan cəmiyyətində şəriət qaydalarının tətbiqi sosial, sivilizasiya və texnoloji inkişaf baxımından ciddi geriləmə riski yarada, ölkəni intellektual asılılıq və müasir inkişaf proseslərindən təcrid olunma təhlükəsi ilə üz-üzə qoya bilər:
“İki əsr ərzində formalaşmış elmi rasionallıq və pozitivist hüquq şüuru, cəmiyyətin dünyagörüşünü sarsılmaz fundamental doqmalar üzərində deyil, davamlı təkamül və empirik biliklər üzərində bərqərar edib. Bu cür köklü sivil ənənəni teokratik model ilə əvəzləməyə çalışmaq, dövləti beynəlxalq hüquq sistemindən, müasir idarəetmə standartlarından və tərəqqi xəttindən uzaqlaşdıraraq geriyə aparmaq deməkdir.
Bu keçidin ən dağıdıcı zərbəsi məhz elmi tədqiqat və innovasiya ekosistemi üzərində özünü büruzə verir. Dünyəvi təhsil modelinin teokratik təhsillə əvəzlənməsi elmin təməli olan metodoloji naturalizm və tənqidi təfəkkür mədəniyyətini məhv edir. Azad akademik mühit ideoloji ssenarilərlə və teoloji senzurayla əvəzləndikdə fundamental elmlər sürətlə deqradasiyaya uğrayır. Elmi-politoloji və fəlsəfi təhlillər göstərir ki, bu, sadəcə qanunların dəyişdirilməsi məsələsi deyil, həm də cəmiyyətin idrak metodologiyasını zorla geriyə doğru dəyişmək cəhdidir. Belə bir transformasiya daxili legitimliyi olmayan, yalnız totalitar qadağalar və repressiv idarəetmə ilə ayaqda qalan institusional anomaliyaya yol açır və cəmiyyətin tarixi təkamül qanunauyğunluqlarına zidd olduğu üçün qaçılmaz olaraq iflasa məhkumdur.
Məsələyə hüquqi müstəvidə yanaşdıqda, ikiəsrlik dünyəvilik təcrübəsi cəmiyyətdə qanunun aliliyi, hüquqi bərabərlik və insan haqlarının toxunulmazlığı prinsiplərinə əsaslanan müasir bir hüquq sistemi formalaşdırır. Müasir hüquq cəmiyyətin və zamanın tələblərinə uyğun olaraq çevik şəkildə dəyişən, təkmilləşən dinamik bir quruluşdur. Şəriət isə təbiəti etibarilə dəyişməz, ehkamçı dini qanunlara söykənir. Bu uyğunsuzluq özünü elmi-pedaqoji sferada daha dağıdıcı formada göstərir”.
İlqar Orucov hesab edir ki, müasir dünyəvi təhsilin təməl fəlsəfəsi fərdə sərbəst düşünməyi, tənqidi yanaşmanı, elmi metodologiyanı və şəxsi azadlığı aşılamaqdır: “Pedaqogika elminin fundamental tezisləri təsdiq edir ki, əsrlər boyu elmi dünyagörüşü süzgəcindən keçmiş nəsillərin qavrayış sistemi yalnız sübutlara, məntiqi dərkə və empirik faktlara əsaslanır. Pedaqoji mühitə elmi təfəkkür əvəzinə sorğulanması qadağan olunan dini doqmaların daxil edilməsi gənc nəslin şüurunda dərin ziddiyyətlər və mənəvi böhranlar doğurur. Təhlil etməyi öyrənən bir beyinə mütləq itaət tələb edən qaydaları qəbul etdirmək təhsil sistemini tamamilə iflic edir, yaradıcı potensialı məhv edir və ölkəni qlobal intellektual rəqabətdən tamamilə kənarlaşdırır. Sosial-mədəni baxımdan yanaşdıqda isə, cəmiyyətləri bir arada tutan kollektiv şüur və ictimai yaddaş süni müdaxilələrə qarşı güclü müqavimət mexanizminə malikdir. İki yüz illik sekulyar mühit fərdlərin ailə modelini, gender rollarını, sənətə, mədəniyyətə və ictimai birgəyaşayışa baxışını sərbəstlik prinsipləri əsasında kodlaşdırıb. Belə bir cəmiyyətdə sosial sferanın gender əlamətinə görə parçalanması, sərt geyim və davranış məhdudiyyətləri, insanların hüquqi statusunun onların dini baxışlarına görə təyin edilməsi ictimai orqanizm tərəfindən "yad hüceyrə" kimi qəbul edilərək rədd olunacaq. Bu ziddiyyət isə qaçılmaz olaraq dərin daxili qütbləşməyə və sosial partlayışlara yol açacaqdır. Bu geriləmə ssenarisinin ən ağır zərbəsi isə müasir sosiologiyanın ən böyük nailiyyəti olan gender bərabərliyinə və qadınların ictimai-siyasi həyatdakı mövqeyinə dəyir. Dünyəvi ənənə qadını təhsilin, elmin, iqtisadiyyatın və idarəçiliyin tamhüquqlu, bərabər tərəfdaşı kimi formalaşdırdığı halda, şəriət qaydaları sosial rolları patriarxal strukturun dar çərçivələrinə qaytarır”.
Gənc alim hesab edir ki, cəmiyyətin ümumi intellektual, elmi və iqtisadi potensialının yarısını təşkil edən qadın qüvvəsini proseslərdən təcrid etmək bir dövlətin inkişaf yolunu tamamilə qapatmaq, elmi-texnoloji tərəqqini dayandırmaq və tarixi yoldan tamamilə qopmaq deməkdir.
“Elmi-pedaqoji, fəlsəfi, hüquqi və sosioloji qanunauyğunluqlar sarsılmaz bir həqiqəti diktə edir ki, sivilizasiya daxilində tarixi zorla geriyə qaytarmaq cəhdləri həmişə fəlakətlə nəticələnib. Ağılın, elmin və fərdi azadlıqların hakim olduğu bir təkamül mərhələsinə yüksəlmiş cəmiyyətdə teokratik qaydaları bərpa etmək sadəcə utopik və uğursuz bir cəhd deyil, bu, həm də dövlətçilik institutlarının daxildən aşınmasına, cəmiyyətin deqradasiyasına və ölkənin müasir dünyadan tamamilə təcrid olunaraq sivilizasiyadan geri qalmasına səbəb olacaq destruktiv bir addımdır”-deyə, o, bildirib.
Məhəmməd Əliyev