Advertisment

“Sertifikasiya ilk növbədə onlar üçün lazımdır” -Tanınmış psixoloq

Son dövrlər Azərbaycanda psixoloqların peşəkarlığı, vətəndaşlara göstərilən psixoloji xidmətlərin keyfiyyəti ciddi müzakirə olunur. Xüsusilə, kifayət qədər ixtisası və təcrübəsi olmayan şəxslərin özlərini psixoloq kimi təqdim etməsi cəmiyyətdə narahatlıq doğurur.

Bu baxımdan, psixoloqlar üçün sertifikasiya sisteminin tətbiqi və vahid peşə standartlarının müəyyənləşdirilməsi gündəmə gəlir.  Belə bir mexanizmin yaradılması peşəkar mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə, qeyri-peşəkar yanaşmaların qarşısının alınmasına və vətəndaşların hüquqlarının qorunmasına töhfə verə bilər.

Bəs Azərbaycanda psixoloqların sertifikasiyası nə dərəcədə zəruridir və bu sistem mütəxəssislərin peşəkarlığını hansı meyarlar əsasında müəyyənləşdirməlidir?

Psixoloq Aytən Ələkbərova Herbiand.az-a açıqlamasında bildirib ki, psixoloqlar üçün sertifikasiya sisteminin tətbiqi peşəkar mütəxəssislərin müəyyənləşdirilməsi, psixoloji xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu sahədə məsuliyyətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Psixologiya ruh aləmidir. Yəni nəzəri biliklərimizə əsaslanaraq müraciət edən insanın düşüncələrini, hisslərini və emosional vəziyyətini düzgün anlamalı, ona fərdi yanaşaraq peşəkarlığımızı göstərməliyik.

Bəzən görürsən ki, kursda hər hansı bir tanınmış psixoloqdan iki-üç aylıq dərs alanlar "mən peşəkar psixoloqam" deyə bilirlər. Bunu kimsə özgüvənlə qarışdırmasın. Yəni üç ay müddətində hər hansı bir kursu keçməklə necə psixoloq olmaq olar?

Əvvəla, insan sonradan ixtisasını dəyişərək psixoloq olmaq istəsə belə, onun baza təhsilində psixologiya, fəlsəfə və şüurla bağlı biliklərə yiyələnməsi vacibdir.

Yalnız bu təməl biliklər əsasında yeni ixtisasa yiyələnmək mümkündür. Danılmaz faktdır ki, orta məktəblərdə rus dili fənni götürüldükdən sonra bir çox rus dili müəllimləri, baza təhsillərində psixologiya olduğuna görə, ixtisasdəyişməyə gedərək psixoloq olmaq qərarı aldılar.

Üzərlərində işləyərək demək olar ki, həmin ildən bu ilə qədər 15, 20, hətta 30 il vaxt keçib və artıq yetərincə peşəkar olaraq insanlara öz yardımlarını göstərə bilirlər”.

Psixoloqların sertifikasiyasına gəlincə, Aytən Ələkbərova deyib ki, bu mexanizm mütəxəssislərin peşəkarlıq səviyyəsini müəyyənləşdirməyə, bilik və bacarıqlarını qiymətləndirməyə, eləcə də psixoloji xidmətlərin keyfiyyətini artırmağa imkan verə bilər: “Bu gün əgər reklamsız çalışan bir psixoloq varsa və onun pasiyenti ona yeni pasiyentlər ötürürsə, demək ki, o, öz işinin öhdəsindən gəlib.

Şəxsən mən hər bir sertifikasiya imtahanına hazıram. Çünki nəzəri biliklərimə güvənirəm, “Ümumi psixologiya”, “Yaş psixologiyası” hər zaman mənim stolüstü kitablarımdır. Bəzən nəyinsə modelləşdirilməsində çətinlik çəkəndə də onlara müraciət edirəm. Çünki illər keçdikcə biz tamamilə yeni zəmanənin övladları ilə qarşılaşırıq.

Zəmanənin dəyişməsi ilə ailə strukturuna, ailənin quruluşuna uyğun olaraq yanaşma tərzləri də tamamilə fərqlənir. Bəzən biz baxırıq ki, xarici ölkələrdə təhsil alıb gəlmiş psixoloqlar Azərbaycanın mental dəyərlərini bir anda kənara qoyur, "özün üçün yaşa" prinsipi ilə insanların şüuraltına elə bir kodlaşma edirlər ki, onun nəticəsində artıq övlad valideynin üzünə qayıdır. "Bu mənim həyatımdır, həyat mənə bir dəfə verilib, istədiyim kimi yaşayacam" deyir.

Bu baxımdan çox gözəl olardı ki, sertifikasiyada nəzəriyyədən daha çox işləmə metodikaları yoxlanılsın. Sertifikasiya zamanı psixoloqların hansı metod və yanaşmalardan istifadə etdikləri, eləcə də müxtəlif yaş qrupları ilə işləmək bacarıqları qiymətləndirilməlidir.

Bağça yaşlı uşaqlardan tutmuş məktəblilərə və ali məktəb tələbələrinə qədər fərqli yaş qruplarının psixoloji xüsusiyyətlərini düzgün təhlil etmək, onların psixoloji portretini formalaşdırmaq və ehtiyaclarına uyğun yanaşma müəyyənləşdirmək bacarığı əsas meyarlardan biri olmalıdır.

Bu, psixoloqun müraciət edən şəxsin vəziyyətini düzgün dəyərləndirməsinə və ona uyğun peşəkar dəstək göstərməsinə imkan verər. Çünki indi elə bir zəmanədə yaşayırıq ki, bəzən taksi sürücüsü belə deyir ki: "Mən ən güclü psixoloqam, mənim psixoloqa ehtiyacım yoxdur”.

Yəni bu peşənin aliliyi, ilk olaraq, insanın ruhsal durumunu, onun ruh aləmini anlamaq və dərk etməkdir. Burada istəyirsiniz nə qədər sertifikasiya keçirilsin, elə insanlar olacaq ki, o ruh aləmini heç vaxt anlaya və bu məhsulu təqdim edə bilməyəcək.

Çünki bir insanla oturub işləyərkən ətrafda tam bir anonimlik olmalıdır. Bir insanın sənə bölüşdüklərini ikinci, üçüncü şəxs bilməməlidir.

Həmin şəxslər ümumi psixologiya və yaş psixologiyası imtahanından keçə bilərlər, amma real işləmə qaydasında axsayırlar. Çünki hər bir fərdin özünün psixi xüsusiyyətinə uyğun olaraq addımlamaq lazımdır. Bir psixoloqun ilk olaraq səsi, baxışı, qarşısındakı insana olan empatiyası və bəzən təkcə bir sözü yetərli ola bilər ki, o insanı həyata geri qaytarsın”.

Aytən Ələkbərovanın fikrincə, peşəkar psixoloqları kifayət qədər ixtisası və təcrübəsi olmayan şəxslərdən fərqləndirmək üçün, ilk növbədə, müraciət edən insanın peşəkar yanaşma xüsusiyyətini, potensialını və fərdi imkanlarını düzgün qiymətləndirmək bacarığı əsas götürülməlidir: “Birinci, ikinci söhbətdən belə sənə müraciət edən insan sənin qiymətini verir.

Əgər o insan mütəmadi olaraq günlərlə, aylarla, illərlə sənə inanaraq gəlib-qayıdırsa və yenidən sizinlə hər hansı bir problemin öhdəsindən gəlməyi bacarırsa, bu, həmin psixoloqun gücü, elmi bilikləri, nəzəri və praktik çalışmaları, metodikaları sayəsindədir. Bax elə o zaman da o peşəkar psixoloq artıq ətrafa öz peşəkarlığı ilə seçilməyə başlayır”.

Psixoloqun fikrincə, sertifikasiya daha çox dövlət müəssisələrində çalışan ştatlı psixoloqlar üçün olmalıdır: “Çünki onlar həqiqətən də sadəcə olaraq ştat doldurmaq üçün bir işdə çalışırlar.

Çünki hər hansısa bir dövlət müəssisəsində çalışan insan, iş yerində psixoloq olmasına baxmayaraq, kənardakı praktik psixoloqa müraciət edirsə, deməli, o ştatdakı psixoloqun sadəcə adı var. Hətta mən bunu məktəb psixoloqları üçün də deyə bilərəm.

Çünki belə olmasaydı, təbiidir ki, o məktəblərdən bu dərəcədə axın olmazdı və insanlar Aytən xanımın və yaxud digər praktik psixoloqların qəbuluna yazılmağa çalışmazdılar. Elə heç bir təmənna ödəmədən öz məktəb psixoloqları ilə məşğul olardılar.

Deməli ki, həmin dövlət müəssisələrində sadəcə ştat olaraq psixoloq peşəsi var, amma peşənin öhdəsindən layiqincə gələn psixoloq yoxdur. Yenə vurğulayıram ki, istər dövlət qurumlarında, istər məktəblərdə, uşaq bağçalarında, nazirliklərdə, istərsə də psixoloq ştatı olan digər müəssisələrdə çalışanlar öz qurumlarının psixoloqlarına deyil, məhz biz praktik psixoloqlara müraciət edirlər.

Hətta elə valideyn olub ki, gəlib deyir: "Mən məktəbin psixoloquna güvənmirəm. Çünki övladımın onunla danışığını qonşumuz olan müəllimə gəlib mənə hər şeyi danışdı". Bax o cür şəxslər mütləq sertifikasiyadan keçməlidirlər”.

Məhəmməd Əliyev

Herbiand.az