Niderlandın milli aviadaşıyıcısı “KLM” şirkəti bəzi fəaliyyət istiqamətlərinin digər şirkətlərə ötürülməsini və işçi sayının azaldılmasını nəzərdə tutan, təxminən 5 min iş yerini əhatə edən yenidənqurma planı hazırlayıb.
Herbiand.az xəbər verir ki, şirkətin məlumatında qlobal qeyri-sabitlik, yanacağın yüksək qiymətləri və aviasiya sektoruna artan təzyiqlər səbəbindən şirkətin bütün bölmələrini əhatə edən tədbirlərin həyata keçiriləcəyi bildirilib. Planın əsas məqsədi şirkətin daha kiçik, sadə və çevik strukturunu formalaşdırmaqdır. Bu çərçivədə bəzi fəaliyyət istiqamətlərinin kənar xidmət təminatçılarına həvalə edilməsi, digərlərinin isə “Air France-KLM” qrupunun tərkibində birləşdirilməsi nəzərdə tutulur.
“KLM”də iş yerlərinin sayı təxminən 15 faiz azaldılacaq və ümumilikdə 5 minədək vəzifənin strukturu yenidən təşkil olunacaq. Bu çərçivədə iaşə xidmətləri üzrə 1250 iş yerinə uyğun fəaliyyətin artıq yaz mövsümündən etibarən “Gategroup” şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirildiyi bildirilib. Həmçinin yerüstü xidmətlər sahəsində təxminən 800 iş yerini əhatə edən fəaliyyətin kənar şirkətlərə ötürülməsi planlaşdırılır.
Müştərilərlə əlaqə mərkəzi “Cygnific”dəki 1500 iş yeri də daxil olmaqla, ümumilikdə 2 min iş yerinin “Air France-KLM” qrupunun strukturuna daxil ediləcəyi bildirilib. Bundan əlavə, səmərəliliyin artırılması hesabına “KLM”də təxminən 1000 iş yerinin ixtisar olunacağı qeyd edilib.
Şirkətin açıqlamasında vurğulanıb: “Bu tədbirlər gəlirlərimizi artırmağa və struktur xərclərimizi daha da azaltmağa kömək edəcək. Qarşıda böyük bir sıçrayış etməliyik”.
Bildirilib ki, 2028-ci ilədək əməliyyat səmərəliliyinin ən azı 8 faiz artırılması və bu artımın davamlı xarakter alması hədəflənir. Eyni zamanda, əməkhaqqı artımlarının məhdudlaşdırılması nəzərdə tutulur. Həyata keçiriləcək tədbirlər nəticəsində şirkətin illik gəlirinin 1 milyard avro artırılması planlaşdırılır.
Açıqlamada, həmçinin Avropa marşrutlarında istifadə olunan təyyarə parkında dəyişiklik ediləcəyi bildirilib. Belə ki, donanmaya daxil edilməsi planlaşdırılan “Airbus A320” təyyarələrinin əvəzinə daha kiçiktutumlu “Embraer E195-E2” təyyarələrinin seçilməsi nəzərdə tutulur. “Boeing 737” və “Embraer E190” təyyarələrinin isə növbəti illərdə mərhələli şəkildə donanmadan çıxarılacağı qeyd edilib.