Ukraynanın Krım tatarlarına milli muxtariyyət və özünüidarəetmə hüquqlarının verilməsi istiqamətində atdığı addımlar regionda yeni siyasi müzakirələrə yol açıb. Bu təşəbbüs yalnız Krım tatarlarının milli hüquqlarının tanınması deyil, həm də yarımadanın gələcək statusu baxımından mühüm əhəmiyyət daşıyır. Kiyevin bu siyasətində Türkiyə amilinin hansı rol oynadığı da diqqət çəkən məsələlərdəndir. Ankara ilə tarixi, etnik və siyasi əlaqələri nəzərə alsaq, Ukraynanın bu addımı Türkiyənin dəstəyini gücləndirmək strategiyasının tərkib hissəsi sayıla bilərmi?

Herbiand.az -a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki,
Ukrayna rəhbərliyinin Krım tatarlarına milli muxtariyyət verilməsi istiqamətində razılığa gəlməsi yalnız etnik və humanitar məsələ deyil, həm də mühüm geosiyasi məna daşıyır: “Hesab edirəm ki, Kiyevin bu addımında Türkiyə amilinin hər hansı bir rol oynadığını istisna etmək olmaz. Ukrayna yaxşı anlayır ki, Türkiyə həm NATO üzvü, həm Qara dəniz regionunun aparıcı dövlətlərindən biri, həm də Rusiya ilə birbaşa dialoq imkanlarını qoruyan mühüm siyasi aktordur. Bu baxımdan Krım tatarlarının milli hüquqlarının tanınması rəsmi Ankara ilə münasibətlərini daha da möhkəmləndirmək, Türkiyənin siyasi və diplomatik dəstəyini genişləndirmək istiqamətində əlavə imkan kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Ukraynanın bu təşəbbüsü Krımın gələcək statusu ətrafında gedən siyasi mübarizənin tərkib hissəsi kimi də nəzərdən keçirilməlidir. Rəsmi Kiyev Krım tatarlarının tarixi hüquqlarını ön plana çıxarmaqla Rusiyanın yarımada üzərində nəzarətinə qarşı həm beynəlxalq hüquq, həm də tarixi ədalət müstəvisində əlavə arqumentlər formalaşdırmaq niyyətindədir. Bununla yanaşı, sözügedən razılaşmanı Türkiyənin dəstəyini qazanmaq üçün atılmış yeganə addım kimi deyil, mövcud strateji əməkdaşlığı dərinləşdirmək və Krım məsələsini beynəlxalq gündəmdə saxlamaq məqsədi daşıyan daha geniş siyasi xəttin tərkib hissəsi kimi dəyərləndirmək daha doğru olardı”.
Yunis