Elnarə Akimova, Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru
Azərbaycan ilə Özbəkistan münasibətləri son illərdə ikitərəfli diplomatik əlaqələrin uğurlu nümunəsinə, həmçinin türk dünyasında siyasi etimadın, iqtisadi həmrəyliyin və ortaq gələcəyə baxışın ən parlaq modellərindən birinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini yalnız bugünün siyasi gündəliyi ilə yanaşı, əsrlər boyu formalaşmış mənəvi yaxınlıq və qarşılıqlı rəğbət müstəvisində izah edir. Dövlət başçısının sözləri ilə desək, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər “ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə” əsaslanır. Məhz bu təməl üzərində qurulan əlaqələr artıq müttəfiqlik mərhələsinə yüksəlib.
Bu gün Azərbaycan–Özbəkistan münasibətlərinin ən mühüm xüsusiyyəti onun yalnız siyasi bəyanatlarla məhdudlaşmamasıdır. Münasibətlər konkret sənədlər, qarşılıqlı səfərlər, investisiyalar, istehsal layihələri, nəqliyyat marşrutları, təhsil və mədəniyyət proqramları ilə möhkəmlənir. Başqa sözlə, qardaşlıq siyasi leksikondan çıxaraq real əməkdaşlıq mexanizminə çevrilir.
Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi münasibətləri də bu prosesdə xüsusi rol oynayır. Dövlət başçısının müsahibədə vurğuladığı kimi, iki lider arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmlənməsində mühüm amildir. Müasir beynəlxalq münasibətlər sistemində liderlər arasında şəxsi etimadın dövlətlərarası əlaqələrə bu qədər sürətlə və geniş miqyasda transformasiya olunması hər zaman müşahidə edilmir. Burada isə siyasi iradə xalqların yaxınlığı ilə üst-üstə düşür və nəticədə münasibətlər daha sürətli dərinləşir.
Rəqəmlər də bu dinamikanı təsdiqləyir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini göstərir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər isə münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin mahiyyətindəki dəyişiklikləri rəsmiləşdirən mühüm sənədlərdir.
2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura isə bu əlaqələrin institusional dayağına çevrilib. Daşkənddə və Bakıda keçirilmiş iki iclas artıq qarşılıqlı münasibətlərin təsadüfi təşəbbüslərdən ibarət olmadığını, uzunmüddətli strateji planlaşdırmaya əsaslandığını göstərir. Siyasi dialoq iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət kimi çoxsaylı istiqamətlərdə paralel şəkildə inkişaf edir.
Azərbaycan–Özbəkistan münasibətlərinin iqtisadi ölçüsü xüsusilə diqqət çəkir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması təsadüfi rəqəm deyil. Bu ilin yanvar-may aylarında da ticarət dövriyyəsinin 33 faiz artaraq 144 milyon dollara yüksəlməsi iqtisadi əlaqələrdə dinamikanın davam etdiyini göstərir. Burada əsas məsələ yalnız ticarət statistikasının böyüməsi deyil. Əsl strateji hədəf iki ölkənin istehsal və investisiya imkanlarının bir-birinə bağlanmasıdır.
Bu baxımdan üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu platforma hər iki ölkədə müxtəlif sahələr üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə imkan yaradır. Azərbaycan və Özbəkistanın iqtisadi potensialı bir-birini tamamlayır və bu tamamlayıcılıq gələcəkdə birgə müəssisələrin, istehsal zəncirlərinin və yeni investisiya layihələrinin sayının artmasına şərait yarada bilər.
Enerji sahəsində əməkdaşlıq da münasibətlərin strateji xarakterini nümayiş etdirir. Özbəkistanın OZLITINEFTGAZ institutu ilə SOCAR-ın müvafiq strukturlarının bazasında yaradılmış “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən fəaliyyət göstərir. 2024-cü ildə SOCAR və “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO” isə Azərbaycan istehsalı olan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. Bu, əməkdaşlığın xammal mübadiləsindən daha geniş məzmun daşıdığını, sənaye və əlavə dəyər yaradan sahələrə keçdiyini göstərir.
Daha böyük perspektiv isə yaşıl enerji istiqamətində açılır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji qurumlarının iştirakı ilə 2025-ci ildə Bakıda yaradılan “Yaşıl Dəhliz Birliyi” Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin reallaşdırılması, bərpaolunan enerjinin ixracı və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsi baxımından mühüm addımdır. Bu layihə yalnız üç ölkənin enerji əməkdaşlığı deyil, gələcək Avrasiya enerji xəritəsinin formalaşmasında iştirak etmək baxımından strateji əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika da Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəkdə daha böyük geoiqtisadi çəki qazana biləcəyi sahələrdəndir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin yanvar-iyun aylarında isə daha 12,2 faiz artımla 675 min ton təşkil etməsi bu potensialın artıq praktik nəticələrə çevrildiyini göstərir. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada yerləşməklə Şərqlə Qərb arasında təbii körpü rolunu oynayan iki mühüm tərəfdaşdır.
Bu baxımdan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə mümkün inteqrasiyası xüsusilə diqqətəlayiqdir. Belə bağlantılar reallaşdıqca Mərkəzi Asiyanın dənizlərə çıxış imkanları genişlənəcək, Azərbaycanın tranzit əhəmiyyəti artacaq və Avrasiya boyunca yeni logistika zəncirləri formalaşacaq. Deməli, Bakı ilə Daşkənd arasındakı əməkdaşlıq təkcə iki ölkənin iqtisadi maraqları ilə məhdudlaşmır; daha geniş regional nəqliyyat sisteminin gələcəyinə təsir etmək potensialına malikdir.
İşğaldan azad edilmiş ərazilərdə Özbəkistanın iştirakı isə bu qardaşlığın mənəvi və siyasi çəkisini daha da artırır. Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq bağı”, Füzulidə Mirzə Uluqbəy adına məktəb və şəhərin bərpasına göstərilən dəstək Özbəkistanın Azərbaycanın haqq işinə və Qarabağın dirçəlişinə verdiyi töhfənin konkret ifadəsidir. Füzulidə Azərbaycan və Özbəkistan bayraqlarının, iki qardaş xalqın iradəsinin və gələcəyə inamının yanaşı dayanması diplomatik protokoldan daha böyük məna daşıyır.
Eyni zamanda iqtisadi əməkdaşlığın konkret istehsal nəticələri də var. Azərbaycan və Özbəkistanın avtomobil sənayesində əməkdaşlığı çərçivəsində 2026-cı il iyulun 13-nə olan məlumata görə, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. Bu rəqəmlər iki ölkə arasında əməkdaşlığın yalnız məhsul alıb-satmaqdan ibarət olmadığını, istehsal potensiallarının birləşdirilməsi mərhələsinə keçdiyini göstərir.
Özbəkistan şirkətlərinin Azərbaycandakı fəaliyyəti də qarşılıqlı etimadın iqtisadi göstəricisidir. Ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sektorlarında fəaliyyət göstərməsi iki ölkə arasında biznes əlaqələrinin artıq geniş bazaya malik olduğunu nümayiş etdirir. Eyni proses əks istiqamətdə də gedir. Azərbaycanın “PASHA Holding” şirkətinin Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksi, “Sea Breeze Uzbekistan” layihəsi kimi investisiyaları Azərbaycanın özəl sektorunun Özbəkistan bazarına marağının artdığını göstərir.
Lakin Azərbaycan–Özbəkistan münasibətlərinin əsl dərinliyini yalnız iqtisadi göstəricilərlə ölçmək mümkün deyil. Bu münasibətlərin ən möhkəm sütunlarından biri xalqların mədəni yaddaşıdır. Azərbaycanla Özbəkistanı yaxınlaşdıran amillər yalnız diplomatik sənədlərdə deyil, dilimizdə, ədəbiyyatımızda, musiqimizdə, tarixi yaddaşımızda və mənəvi dünyamızda yaşayır. Bu səbəbdən mədəni-humanitar əməkdaşlıq siyasi münasibətlərin əlavəsi yox, onun təbii davamıdır.
2023 və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. Xivədə keçirilən “Şuşa Günləri”, Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində Özbəkistan nümayəndə heyətinin iştirakı ortaq mədəni irsin necə canlı siyasi və humanitar körpüyə çevrildiyini göstərir.
Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması isə bu yaxınlığın simvolik ifadələrindən biridir. Nizaminin əsərlərinin coğrafi sərhədləri çoxdan aşıb keçməsi kimi, Azərbaycan və Özbəkistan xalqlarının mədəni əlaqələri də dövlət sərhədlərindən daha geniş məna daşıyır. Bakının mərkəzində yaradılacaq 5 hektarlıq “Özbəkistan” parkı da bu qardaşlığın şəhər məkanında yaşayan rəmzinə çevriləcək.
Təhsil sahəsində qarşılıqlı əlaqələr də gələcəyə hesablanmış siyasətin göstəricisidir. 2025–2026-cı tədris ilində 67 Özbəkistan vətəndaşının Azərbaycanda, 176 Azərbaycan vətəndaşının isə Özbəkistanda təhsil alması gələcək nəsillər arasında birbaşa əlaqələrin möhkəmlənməsinə xidmət edir. Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin fəaliyyəti isə iki xalqın elm və təhsil ənənələrinin yeni Qarabağ reallığında qovuşmasının nümunəsidir.
Münasibətlərin ictimai ölçüsünü media və vətəndaş cəmiyyəti əməkdaşlığı da tamamlayır. 2024-cü ildə Daşkənddə, 2025-ci ildə Bakıda Azərbaycan–Özbəkistan Media Forumlarının keçirilməsi, QHT forumlarının təşkil olunması və 2026-cı ildə ilk dəfə iki ölkə tərəfindən QHT-lər üçün birgə qrant müsabiqəsinin elan edilməsi əlaqələrin yalnız dövlət strukturları səviyyəsində deyil, cəmiyyətlər arasında da dərinləşdiyini göstərir.
Xalqların bir-birini daha yaxından tanımasının ən canlı göstəricilərindən biri turizmdir. Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min olub. 2026-cı ilin yanvar-avqust aylarında isə artıq 44 min Özbəkistan vətəndaşı Azərbaycana səfər edib. Bu rəqəmlər qarşılıqlı marağın artdığını göstərməklə yanaşı, Bakı ilə Daşkənd arasında birbaşa insan əlaqələrinin getdikcə genişləndiyini nümayiş etdirir.
Qardaşlaşmış şəhərlər şəbəkəsinin genişlənməsi də bu prosesin mühüm hissəsidir. Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Biləsuvar–Termez, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizak və Beyləqan–Şəhrisəbz münasibətləri diplomatik əlaqələri şəhər və insanlar səviyyəsinə endirir. Naxçıvanla Ürgənc arasında da belə münasibətlərin qurulmasının planlaşdırılması bu xəttin genişlənəcəyindən xəbər verir.
Bütün bunların üzərində isə daha böyük geosiyasi mənzərə dayanır. Azərbaycan və Özbəkistan artıq yalnız ikitərəfli münasibətləri inkişaf etdirən iki dövlət deyil, Türk Dövlətləri Təşkilatının güclənməsində mühüm rol oynayan iki əsas aktordur. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər iki ölkə TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir.
Bu yanaşma təsadüfi deyil. Türk dünyasının gələcəyi artıq yalnız mədəni yaxınlıq məsələsi kimi təqdim edilə bilməz. Söhbət iqtisadi inteqrasiyadan, nəqliyyat əlaqələrinin qurulmasından, enerji təhlükəsizliyindən, təhsil və elm əməkdaşlığından, müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsindən və beynəlxalq platformalarda qarşılıqlı dəstəkdən gedir. Azərbaycan və Özbəkistanın bu prosesdəki fəallığı türk dövlətləri arasında daha sıx əməkdaşlıq üçün ciddi siyasi baza yaradır.
Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul olunması da bu baxımdan mühüm hadisədir. Çünki Türk dünyasının inteqrasiyası yalnız gələcək üçün iqtisadi layihələr yaratmaq deyil, keçmişin ortaq irsini qorumaq və onu yeni nəsillərə çatdırmaqdır. Azərbaycan və Özbəkistan bu məsələdə həm zəngin tarixi irsə, həm də güclü dövlətçilik ənənəsinə malik ölkələr kimi xüsusi məsuliyyət daşıyırlar.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni mərhələyə keçməsi də məhz bu ümumi mənzərənin davamıdır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakına dair qərarın qəbul edilməsi regional əməkdaşlığın coğrafiyasını genişləndirib. Əvvəllər “C5” kimi tanınan formatın Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” məzmunu qazanması Bakı ilə Mərkəzi Asiya arasında strateji əlaqələrin yeni səviyyəyə yüksəldiyini göstərir.
Bu proses Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən birini də ortaya qoyur: Bakı ayrı-ayrı ölkələrlə əlaqələri regional inteqrasiyadan təcrid olunmuş şəkildə qurmur. Əksinə, Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya ilə, Mərkəzi Asiyanı isə daha geniş Avrasiya məkanı ilə birləşdirən iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələr sisteminin formalaşmasında iştirak edir.
Azərbaycan və Özbəkistanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarda bir-birini dəstəkləməsi də siyasi etimadın mühüm göstəricisidir. İki dövlətin beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyi onların münasibətlərinin yalnız regional deyil, qlobal müstəvidə də koordinasiya potensialına malik olduğunu göstərir.
Bu gün Azərbaycan–Özbəkistan münasibətlərinə baxarkən qarşıda duran mənzərə aydındır: ortaq tarix siyasi iradə ilə gələcəyin layihələrinə çevrilir. Qardaşlıq investisiyaya, mədəni yaxınlıq humanitar əməkdaşlığa, coğrafi mövqe tranzit imkanlarına, siyasi etimad isə müttəfiqliyə çevrilir. Bu transformasiyanın ən mühüm cəhəti isə onun kağız üzərində qalmamasıdır.
Prezident İlham Əliyevin müsahibəsində səslənən "qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək" fikri əslində münasibətlərin gələcək istiqamətini də göstərir. Azərbaycan və Özbəkistanın qarşısında indi daha böyük hədəflər dayanır: istehsal və investisiya əlaqələrini artırmaq, Orta Dəhlizin imkanlarını genişləndirmək, yaşıl enerji layihələrini reallaşdırmaq, türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirmək və xalqlar arasında humanitar bağları daha da möhkəmləndirmək.
Azərbaycan–Özbəkistan münasibətləri bu gün keçmişə hörmətlə gələcəyə baxan iki dövlətin nümunəsidir. Bu münasibətlərdə tarix var, amma yalnız tarix yoxdur; mədəniyyət var, amma yalnız mədəniyyət yoxdur; siyasət var, amma yalnız siyasət yoxdur. Burada iqtisadi maraqlar, regional strategiya, nəqliyyat imkanları, enerji əməkdaşlığı və ən əsası, qarşılıqlı etimad bir-birini tamamlayır.
Elə buna görə də Azərbaycanla Özbəkistan arasındakı qardaşlıq ifadəsi artıq yalnız emosional və mənəvi məna daşımır. O, konkret layihələrə, milyardlarla ölçülə biləcək gələcək investisiyalara, yeni nəqliyyat xətlərinə, məktəblərə, istehsal müəssisələrinə, mədəni layihələrə və beynəlxalq platformalarda ortaq mövqelərə çevrilən real dövlət siyasətidir.
Bu gün Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü iki paytaxtı deyil, bütöv bir coğrafiyanın gələcəyini bir-birinə bağlayır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu münasibətlər “xalqlarımızın rifahına xidmət edən” strateji tərəfdaşlıqdır. Və bu tərəfdaşlığın ən böyük gücü ondadır ki, onun təməlində yalnız dövlətlərin maraqları deyil, iki xalqın yaddaşı, qardaşlığı və bir-birinə olan dərin rəğbəti dayanır.