Advertisment

Ukrayna və Norveç birgə dron istehsalına başlayır

Ukrayna və Norveç Ukrayna dronları üçün ilk birgə istehsal müəssisəsini qururlar. Norveçdə bir neçə min orta zərbə dronunun istehsalı planlaşdırılır. Layihə çərçivəsində istehsal olunan bütün məhsullar Ukrayna Müdafiə Qüvvələrinə təhvil veriləcək.

Herbiand.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, layihə Norveç tərəfindən əlavə vəsaitlə maliyyələşdiriləcək və bu vəsait 2026-cı ildə Ukraynaya əvvəllər ayrılmış 7 milyard dollarlıq müdafiə dəstəyinə əlavə olaraq ayrılacaq.

"Müvafiq müqavilə Kiyevdə Norveçin Ukraynadakı səfiri Lars Ragnar Aalerud Hansen və Ukraynanın Avropa İnteqrasiyası üzrə müdafiə nazirinin müavini Sergey Boyev tərəfindən imzalanıb. Saziş döyüş meydanında artıq effektivliyini sübut etmiş Ukrayna texnologiyalarının istehsalını genişləndirmək və hər iki ölkənin müdafiə imkanlarını gücləndirmək imkanını açır", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, Norveç bu il Ukrayna Müdafiə Qüvvələri üçün Ukrayna istehsalı olan silahların alınması üçün 1,5 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

Norveçdə istehsal olunan ilk sistemlərin bu yaya qədər Ukrayna Müdafiə Qüvvələrinə təhvil verilməsi gözlənilir.