Advertisment

“Qarabağda tikinti layihələrində qənaətlə istifadə prinsipi gözlənilməyib”

“Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib”.

Herbiand.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma layihələrinin maliyyə idarəçiliyi üzrə 2025-ci ildə aparılmış auditlərin nəticələrinə toxunub: “Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər strateji baxımdan böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə apardığımız auditlər layihələrin icrası davam etdiyi üçün əsas postaudit xarakterli deyildir. Auditlərin nəticəsi üzrə aşkarlanan nöqsanların müvafiq məbləğlərə nisbəti əhəmiyyətli sayılmır. 
Kommersiya (xüsusilə özəl sektor) subyektlərinin vəsaiti hesabına layihələndirilməsi və maliyyələşdirilməsi nəzərdə tutulan bazar kompleksi, məişət xidməti, market və ticarət binalarının tikintisi üzrə xərclər sosial xarakterli xərclər kimi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib, yaşayış evlərinin və mənzillərin daha səmərəli şəkildə layihələndirilməsi təmin edilməyib”.

V.Gülməmmədov eyni zamanda qeyd edib ki, layihələndirilmə zamanı təbii relyefin diqqətə alınmaması əlavə büdcə vəsaitinə tələbat yaradır: “Qarabağa qayıdış çərçivəsində yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyefin tam diqqətə alınmaması, şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadənin artması ilə yanaşı, əsaslandırılmış zərurət olmadan layihələrdəki qruntun çıxarılması və əks doldurmanın həcminin artması əlavə büdcə vəsaitinə tələbatın yaranmasına səbəb olub”.