Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı vəzifəsindən azad edib. Onun yerinə parlamentin keçmiş spikeri Alen Simonyan təyin olunub.
Ermənistan mediasında Qriqoryanın bundan sonra tutacağı vəzifə ilə bağlı məlumatlar da yayılıb. İddialara görə, keçmiş katib yaxın vaxtlarda Ermənistanın Böyük Britaniyadakı səfiri təyin edilə bilər.
Qriqoryanın vəzifədən uzaqlaşdırılmasının səbəbləri də erməni KİV-lərinin diqqət mərkəzindədir. Məlumata görə, o, baş nazirin aparatında vəzifə tutmaq təklifini qəbul etməyib.
Nikol Paşinyan isə Qriqoryanın işindən narazı olduğu üçün vəzifəsindən azad edilmədiyini bildirib. Baş nazir qərarın ölkədəki siyasi proseslərin dinamikası nəzərə alınaraq verildiyini deyib. Paşinyanın sözlərinə görə, siyasi proseslər müəyyən dəyişikliklərlə müşayiət olunur və bu dəyişiklikləri nəzərə almaq zəruridir.
Paşinyan Qriqoryanın təxminən səkkiz il Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışdığını xatırladaraq, belə kadr dəyişikliklərinin siyasi proseslərin normal hissəsi olduğunu qeyd edib.
Qriqoryanın siyasi karyerası
Armen Qriqoryan 25 dekabr 1983-cü ildə Azərbaycanın Xocavənd şəhərində anadan olub. 2001-ci ildə Xocavənd şəhərindəki 2 nömrəli məktəbi bitirib və İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Daha sonra Qarabağ separatçılarının qanunsuz silahlı birləşmələrində xidmət edib.
2009-cu ildə Ermənistanın Amerika Universitetində Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə magistr təhsili almağa başlayıb və 2011-ci ildə məzun olub.
2012-2013-cü illərdə “Counterpart International” təşkilatının Ermənistandakı nümayəndəliyində vətəndaş cəmiyyəti üzrə çalışıb. 2015-2018-ci illərdə isə “Transparency International”ın Ermənistan bölməsində seçki proqramlarının koordinatoru vəzifəsini tutub.
Qriqoryan 2018-ci ilin aprel-may aylarında Ermənistanda baş verən “məxməri inqilab” prosesində fəal iştirak edib. O, “Rədd olsun Serj” təşəbbüsünün üzvü olub və aksiyalarda çıxış edib. Hərəkat iştirakçıları ilə birlikdə saxlanılaraq həbs edilib, lakin Serj Sarkisyanın istefasından sonra azadlığa buraxılıb.
2018-ci ilin mayında Nikol Paşinyanın qərarı ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunan Qriqoryan sonrakı illərdə hökumətin əsas siyasi və təhlükəsizlik məsələləri üzrə fiqurlarından birinə çevrilib. O, Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvüdür.
Hazırda onun Böyük Britaniyaya səfir göndəriləcəyi barədə məlumatlar yalnız erməni mediasında yayılan iddialar olaraq qalır.