Rusiyanın Başqırdıstan Respublikasında gecə saatlarında baş verən dron hücumları nəticəsində neft emalı zavodunda və Wildberries şirkətinə məxsus logistika mərkəzində yanğın baş verib. Hücumlar zamanı iki nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Başqırdıstanın rəhbəri Radiy Xabirovun sözlərinə görə, bölgəyə ümumilikdə 21 pilotsuz uçuş aparatı ilə hücum edilib. Onlardan 16-sı Salavat şəhəri üzərində zərərsizləşdirilib. Digər dronların isə Çişminski rayonunda yerləşən logistika mərkəzini hədəf aldığı bildirilib.
Xabirov Telegram kanalında yanğının söndürülməsi üçün xilasetmə qüvvələrinin cəlb olunduğunu qeyd edib. Onun sözlərinə görə, hadisənin nəticələrinin aradan qaldırılması üçün Ka-32 yanğınsöndürmə və xilasetmə helikopterindən də istifadə olunur.
ASTRA OSINT-in məlumatına əsasən, Salavatda baş verən yanğın Rusiyanın iri neft emalı və neft-kimya müəssisələrindən biri olan “Qazprom Neftekhim Salavat” kompleksinin ərazisində qeydə alınıb.
Dron hücumundan Çişminski rayonunda yerləşən Wildberries logistika mərkəzi də zərər görüb. Təxminən 186,8 min kvadratmetr sahəni əhatə edən kompleksin tikintisi hələ başa çatmayıb. Bununla belə, obyektin müəyyən hissələri artıq şirkət tərəfindən istifadə olunur.
Wildberries də müəssisənin ərazisində yanğın baş verdiyini təsdiqləyib. Şirkət bildirib ki, hadisə zamanı logistika mərkəzində heç bir mal olmayıb.