Advertisment

“ABŞ anlaşma memorandumunun şərtlərini yerinə yetirənədək Hörmüz boğazı açılmayacaq”

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bildirib ki, ABŞ əldə olunmuş anlaşma memorandumunun şərtlərini yerinə yetirənədək Hörmüz boğazı açılmayacaq.

Bu barədə İranın IRNA agentliyi xəbər yayıb. Qalibaf onlayn parlament iclasında çıxışı zamanı Tehran üçün Hörmüz boğazının açılması ilə bağlı əsas şərtləri açıqlayıb.

Spikerin sözlərinə görə, İran blokadanın aradan qaldırılması, ölkənin dondurulmuş aktivlərinə qoyulan məhdudiyyətlərin götürülməsi, neftə qarşı sanksiyaların ləğvi, eləcə də bütün cəbhələrdə təhdid və hərbi əməliyyatların dayandırılması təmin olunmayana qədər strateji su yolunu açmayacaq.

Qalibaf ABŞ Prezidenti Donald Trampın Pakistanın vasitəçiliyi ilə Tehranla əldə edilmiş anlaşma memorandumundan geri çəkildiyini də bildirib. Onun sözlərinə görə, Vaşinqtonun sənəddə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməsi çarəsizlik göstəricisi olmaqla yanaşı, ABŞ üçün ciddi diplomatik məğlubiyyətlə nəticələnib.

İran parlamentinin spikeri həmçinin 28 fevralda ABŞ və İsrailin hücumlarının ilk günündə öldürüldüyünü bildirdiyi Ali Lider Əli Xameneinin uzunmüddətli rəhbərliyinin İran xalqını və silahlı qüvvələri xarici təcavüzə qarşı müqavimət göstərməyə hazırladığını qeyd edib.

Qalibafın sözlərinə görə, İran Silahlı Qüvvələri ölkənin diplomatik qurumları ilə koordinasiyanı davam etdirir və anlaşma üzrə öhdəliklərin pozulmasına qarşı “əməli və sarsıdıcı” cavab verib.