Advertisment

Tokayevdən yeni qərar: Nazarbayevə dair bütün qeydlər sənəddən çıxarılıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin 2020-2030-cu illər üçün xarici siyasət konsepsiyasına dəyişikliklərin edilməsi barədə fərman imzalayıb.

Teleqraf xəbər verir ki, müvafiq fərman əsasında sənəddən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə dair bütün qeydlər çıxarılıb.

Sənəddə qeyd olunur ki, xarici siyasətin əsas prinsiplərinə dair fəslə dəyişiklik edilib. Buna əsasən, Qazaxıstan artıq ölkənin inkişafının yeni mərhələsində mövcud xarici siyasət kursunun davamlılığını həyata keçirir. Sənədin əvvəlki versiyasında isə Qazaxıstanın “ölkənin inkişafının yeni mərhələsində birinci prezident - Elbası N.A. Nazarbayevin xarici siyasət kursunu davam etdirdiyi” bildirilirdi.

Həmçinin fərman xarici siyasətin həyata keçirilməsi vasitələrinə dair bölmədən Nazarbayevin “tarixi missiyasına görə ömürlük Qazaxıstan xalqına, dövlət orqanlarına və vəzifəli şəxslərə xarici siyasətin ən mühüm məsələləri ilə bağlı təşəbbüslərlə müraciət etmək hüququna malik olması” barədə müddəanı çıxarır.

Sənəddə “parlament” termini “Qurultay” sözü ilə əvəz olunub. Bu il qəbul edilmiş yeni Konstitusiyaya əsasən, ölkənin birpalatalı qanunverici orqanı bundan sonra belə adlanır.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

Nursultan Nazarbayev 1991-2019-cu illərdə Qazaxıstan prezidenti vəzifəsini tutub. Nazarbayev dövlət başçısı vəzifəsindən getdikdən sonra onun səlahiyyətlərini tənzimləyən “Qazaxıstan Respublikasının ilk prezidenti - Elbası haqqında” Konstitusiya Qanunu 2023-cü ildə qüvvədən düşüb. Bundan sonra ölkənin bir çox normativ-hüquqi aktlarından həmin sənədə istinadlar çıxarılıb.