Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyadakı çıxışında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirildiyini bildirib.
Azərbaycanda mina probleminin hələ də aktual olduğunu vurğulayan Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin sədri Rey Kərimoğlu Herbiand.az-a açıqlamasında deyib ki, Azərbaycan mina və hərbi sursatlarla çirklənməyə məruz qalmış ilk 10 dövlətdən biridir:
“Azad Qarabağ 1 milyon yarımdan artıq mina və partlamamış hərbi sursatlarla çirklənib.
Ümumiyyətlə, Azərbaycan mina və partlamamış hərbi sursatlarla çirklənməyə görə dünyada birinci onluqdadır. Yəni ölkəmiz 10 dövlətdən biridir ki, ərazisi kütləvi və böyük həcmdə mina ilə çirklənib.
Bu, işğalçı Ermənistanın Azərbaycana qoyub getdiyi o dəhşətli miraslardan biridir. Son 30 ildə Azərbaycan cəmiyyəti bunun ağrısını çəkib və yenə də çəkməkdədir. İndiyə qədər 438 nəfər minaya düşərək
xəsarət alıb. Onlardan 72 nəfər həlak olub. Bu, ciddi rəqəmdir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə susqunluq göstərirlər. Necə ki, 30 illik işğal dövründə bir dəfə də Ermənistanı qınamadılar. Mina problem ilə bağlı da danışanda demirlər ki, Ermənistan Azərbaycan ərazisinə bir belə “gizli düşmən” qoyub gedib”.
Rey Kərimoğlu təəssüflə vurğulayıb ki, mina və partlamamış sursatların təmizlənməsi çoxlu vaxt aparacaq:
“Bir zamanlar təmas xətt olmuş ərazi çox böyük çirklənməyə məruz qalıb. Təkcə oranın təmizlənməsi üçün onilliklər lazımdır. Elə yer var ki, bir kvadrata 8-9 mina düşür. Bunları da təmizləmək çox ağır işdir. Həm də bu proses çox böyük vəsait tələb edir”.
Rey Kərimoğlu təəssüflə bildirib ki, Azərbaycan bu məsələnin həllində də tək qalıb.
“Böyük dövlətlərin xırda, simvolik dəstəyini nəzərə almasaq, Azərbaycan mina probleminin həllində tək qalıb. Cənab prezident də bildirmişdi ki, mina probleminin tamamilə həlli üçün 30 il vaxt lazımdır”.
Məhəmməd Əliyev
Herbiand.az