Advertisment

Zəfərdən sonra: vətənpərvərlik ruhu necə qorunmalıdır?

Sentyabr Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatmış Vətən müharibəsinin başladığı aydır. 6 il öncə 44 günlük Vətən savaşında qalib gəldik, işğalçıları qovduq, 30 il işğalda qalmış torpaqlarımızı azad etdik. Qarabağ münaqişəsi tarixə qovuşdu. Bundan sonra gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi hansı formada davam etməlidir? Məsələ ilə bağlı Herbiand.az-a danışan Azərbaycan Respublikası “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri, eyni zamanda “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Firidun Məmmədov bildirib ki, vətənpərvərlik təbliğatı ilk növbədə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən hörmət və qayğıdan başlayır:

“Cəmiyyət onların problemlərinə həssas yanaşmalıdır. Lakin bəzi sosial şəbəkə istifadəçiləri məqsədli şəkildə qazilər və şəhid ailələri ilə bağlı hadisələrə mənfi reaksiya verməyə çalışırlar. Bu cür davranışlar cəmiyyətdə milli həmrəyliyi zəiflətməyə xidmət edir. Vətənpərvərlik ruhunun qorunması üçün şəhidlərin xatirəsinə və qazilərin qəhrəmanlığına həsr olunmuş mədəni-kütləvi tədbirlər daha da genişləndirilməlidir. Dövlətin bu istiqamətdə müəyyən etdiyi xətt ictimai təşkilatlar tərəfindən dəstəklənməlidir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı yüksək milli birlik və vətənpərvərlik nümayiş etdirib və bu ruhun gələcək nəsillər üçün qorunub saxlanılması vacibdir”. Qarabağ qazisi hesab edir ki, son dövrlər sosial şəbəkələrdə Vətən uğrunda mübarizədə sağlamlığını itirmiş inmsanlara, şəhid olmuş insanların ailə üzvlərinə qarşı tez-tez rast gəlinən hörmətsiz münasibət narahatlıq yaradıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan əsassız ittihamlar, təhqiramiz ifadələr və məqsədli manipulyasiyalar həm ayrı-ayrı insanların nüfuzuna xələl gətirir, həm də cəmiyyətin həssas dəyərlərinə toxunur. Qazi hesab edir ki, belə halların geniş auditoriyaya çatdırılması isə problemin miqyasını daha da artırır və ictimai həmrəyliyə zərər vurur.

“Bu cür hallar təkcə vətənpərvərlik hissinə zərbə vurmur, həm də dövlətçiliyin əsas dəyərlərinə təhlükə yaradır. Şəhid ailələrinə və qazilərə hörmətsizlik edən şəxslərə qarşı qanun çərçivəsində ciddi tədbirlər görülməlidir”-deyə, o, bildirib.

Murad Muradlı

Herbiand.az