Advertisment

Arazın o tayına mədəni körpü: Ana dilinin inkişafı üçün yeni təklif

Bişkek zirvəsi çərçivəsində keçirilən görüşlərdə İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan dilində danışması ölkəsində bir sıra çevrələri narazı salıb. Şovinist dairələri daha çox qəzəbləndirən Məsud Pezeşkianın qızı Zəhra xanımla ana dilində xitab etməsi olub. Maraqlıdır ki, prezident seçkiləri kampaniyasını ana dilində aparan, qeyri-fars dilləri ilə bağlı vədlər verən Məsud Pezeşkian hələ də türk dilində məktəblərin açılmasına nail ola bilməyib. Güney Azərbaycanda ana dilinin inkişafı üçün hansı addımlar atılmalı, hansı layihələr icra olunmalıdır?

ABŞ-da yaşayan güneyli siyasi fəal, siyasi elmlər üzrə fəlsəfə doktoru Kərim Əsgəri Herbiand.az-a açıqlamasında bildirib ki, son dövrlər ana dili məsələsinə yanaşma qismən də olsa dəyişib:

“İranda türk dili Pəhləvilərin zamanında sıxışdırılmağa başlanılıb. 1979-cu ildə iqtidara gəlmiş mollalar da türk dilinə münasibətdə pəhləvilərdən seçilmədi. Məsud Pezeşkian hakimiyyətə gələndə yanaşma bir az dəyişdi. Nə qədər sistemin adamı olsa da, türkcə şeirlər söyləməsi, “evimdə uşaqlarımla farsca yox, türkcə danışıram” kimi fikirləri ana dili hərəkatına böyük təkandır”.

Siyasi şərhçi hesab edir ki, Azərbaycanla İran arasında münasibətlər yumşaldıqca Bakının təsiri güclənə bilər: “Amma bu o demək deyil, onlar ana dilinə azadlıq verəcəklər. Fikrimcə, Güney Azərbaycanda türk dilinin inkişafına dəstək verə bilər. Amma bu iş İranı qıcıqlandırmadan icra edilə bilər. Məsələn, sırf Güney Azərbaycan üçün Bakıdan mədəniyyət kanalı yaradıla bilər. Bu televiziya aşıq musiqisini, muğamı, Azərbaycan mədəniyyətini təbliğ edə, Azərbaycan dilində filmlər yayımlaya bilər. Azərbaycan dilini öyrədən teledərslər də yayımlansa yaxşı olar”.

Kərim Əsgəri hesab edir ki, Azərbaycan azərbaycanıların sıx yaşadığı Təbriz, Ərdəbil, Urmu, Zəngan kimi şəhərlədə mədəniyyət evlərinin  açılmasına nail olmalıdır: “Bu mərkəzlər siyasətdən, ideologiyadan uzaq fəaliyyət göstərməli, ancaq Azərbaycan mədəniyyətini təbliğ etməlidir. 50 milyonluq xalqın dili, mədəniyyəti, musiqisi, rəqsləri eynidir. Milli mədəniyyətini yaşatmaq hər bir xalqın haqqıdır”.

Herbiand.az