Azərbaycan uzun illər yüksək təbii artıma malik ölkələrdən biri hesab olunurdu. XX əsrin ikinci yarısında ailələrdə üç-dörd, bəzən isə daha çox uşağın dünyaya gəlməsi adi hal idi. Lakin sol illər şəhərləşmə, təhsil səviyyəsinin yüksəlməsi, iqtisadi prioritetlərin dəyişməsi və ailə modelinin kiçilməsi nəticəsində doğum göstəriciləri tədricən azalmağa başlayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son illərdə hər min nəfərə düşən doğum əmsalı əvvəlki dövrlərlə müqayisədə aşağı düşüb və bu tendensiya demoqrafiya üzrə mütəxəssislər tərəfindən diqqətlə izlənilir. Bununla yanaşı, ölkə əhalisi hələ də ümumi say baxımından artmaqdadır və Azərbaycanın əhalisi 10 milyondan çoxdur. Bu artımın əsas səbəbi təbii artımın tam dayanmayaraq müsbət qalmasıdır.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev saytımıza açıqlamasında bildirib ki, əhalinin sayının azalması, demoqrafik ləngimə və təbii artımın zəifləməsi qlobal prosesdir və bu, təkcə Azərbaycanda baş vermir.

Onun sözlərinə görə, Azərbaycan uzun illər bu tendensiyadan kənarda qalıb və həm Sovet dövrünə qədər, həm də Sovet dövründə demoqrafik artım müşahidə olunub. Lakin müstəqillikdən sonra cəmiyyətin düşüncəsində transformasiya baş verib. Əvvəllər çoxuşaqlı ailə modeli üstünlük təşkil edirdisə, indi “az uşaq, keyfiyyətli həyat” yanaşması daha geniş yayılıb.
Sosioloq qeyd edib ki, aqrar cəmiyyətdə uşaqlar ailə təsərrüfatının əsas dayağı hesab olunurdu. Səhiyyənin zəif inkişaf etdiyi dövrlərdə isə ailələr uşaqların həyatda qalma ehtimalının aşağı olması səbəbindən daha çox övlad sahibi olmağa çalışırdılar. Bundan əlavə, uşaq pulu, sosial müavinətlər və Sovet dövründə tətbiq olunan “Qəhrəman ana” kimi təşviq mexanizmləri də doğum göstəricilərinə təsir edirdi.
Ü. Şəfiyev bildirib ki, təhsil və mədəni səviyyənin yüksəlməsi ailə planlaşdırılması ilə birbaşa əlaqəlidir. Onun fikrincə, imkanlı və təhsilli ailələr hər bir uşağa daha çox sərmayə yatırdıqları üçün az uşaq sahibi olmağa üstünlük verirlər. Kənd yerlərində isə təbii artım nisbətən yüksək olaraq qalır.
Ekspert vurğulayıb ki, Azərbaycanda artıq 10 ildən çoxdur demoqrafik artımda ləngimə müşahidə olunur. Gənclər daha çox təhsil və karyeranı prioritet seçir, ailə və uşaq məsuliyyətini isə daha gec qəbul edirlər. Boşanmaların artması və sosial münasibətlərdəki dəyişikliklər də ailə qurmağa psixoloji təsir göstərən amillər sırasındadır.
Onun sözlərinə görə, məşğulluğun artırılması gənclərin ailə qurmasına birbaşa müsbət təsir edə bilər. Əks halda, demoqrafik ləngimə paralel olaraq mexaniki artımı, yəni miqrasiya hesabına əhali artımını sürətləndirə bilər. Hazırda Pakistan, Hindistan, Əfqanıstan, ərəb ölkələri və Türkiyədən Azərbaycana müəyyən miqrasiya axını artıq müşahidə olunur.
Üzeyir Şəfiyev Nazirlər Kabinetinin son hesabatına da diqqət çəkərək bildirib ki, ailələrdə uşaqların sayının azalması gələcəkdə birinci sinfə gedən şagirdlərin sayının azalmasına, bunun isə təxminən 50 min müəllim ştatının ixtisarına səbəb ola biləcəyi qeyd olunur.
O əlavə edib ki, “Sosial xidmət haqqında” Dövlət Proqramına əsasən, son 22 ildə Azərbaycan əhalisi 26,4 faiz artdığı halda, ahılların sayı 99,4 faiz yüksəlib. Hazırda ölkədə median yaş 34-dür və bu göstəricinin 39–40-a çatması Azərbaycanın qoca əhali kateqoriyasına yaxınlaşması demək ola bilər.
Sosioloqun fikrincə, demoqrafik ləngimənin qarşısını almaq üçün yeni doğulan uşaqlar üçün dövlət depozit hesablarının yaradılması, uşaq pulunun bərpası, gənclərin mənzil və məşğulluq proqramlarının genişləndirilməsi, eləcə də çoxuşaqlı ailə statusunun beş uşaqdan üç uşağa endirilməsi kimi təşviqedici mexanizmlər nəzərdən keçirilə bilər.
Ekspert hesab edir ki, regionlarda gənclərin məskunlaşmasını stimullaşdıran güzəştli ipoteka, torpaq ayrılması və faizsiz ailə kreditləri kimi sosial layihələr də təbii artımın dəstəklənməsində mühüm rol oynaya bilər.
Yunis İsrəfilov