Sosial şəbəkələrdə yayılan məlumata görə, tanınmış pedaqoq, tarixçi və Türkiyə Universitetləri Məzunları Birliyinin üzvü Müşfiq Əlizadə vəfat edib.
Müşfiq Əlizadənin Bakı və Kəndlər Birliyinin rəhbəri Nəsir Ağayevin tələbələrindən olduğu bildirilir. Onun Türkiyəyə təhsil almağa göndərilməsində də Nəsir Ağayevin mühüm rolu olub.
Bu barədə Herbiand.az-a açıqlamasında Nəsir Ağayev haqqında yazılmış “Nəsillərə örnək həyat yolu” kitabının müəllifi Elman Cəfərli məlumat verib.
Onun sözlərinə görə, Müşfiq Əlizadə olduqca vətənpərvər, milli düşüncəli və milliyyətçi bir insan olub:
“O, Azərbaycan Xalq Hərəkatında fəal iştirak edib və milli mübarizənin önəmli mərhələlərində öz töhfəsini verib. Müşfiq Əlizadə hərəkat illərində Bakı kəndlərində mitinqlərin təşkilində, Qarabağa xalq yardımlarının çatdırılmasında və gənclər arasında milli düşüncənin təbliğində mühüm rol oynayıb”.
E.Cəfərli bildirib ki, Nəsir Ağayev Müşfiq Əlizadəyə xüsusi etimad göstərib və onun gələcəyinə inanıb: “Müşfiq Əlizadənin dünyagörüşünün və düşüncə tərzinin formalaşmasında Nəsir Ağayevin mühüm rolu olub. O, Nəsir bəyin yanında həm həyat təcrübəsi qazanıb, həm də milli dəyərləri mənimsəyib.
Müşfiq Əlizadə Nəsir Ağayevin təşkil etdiyi imtahandan keçdikdən sonra təhsil almaq üçün Türkiyəyə yola salınıb. Müşfiq müəllim bacarıqlı pedaqoq idi. Bir müddət Bakı Atatürk Liseyində tarixi tədris edib.
O, həyatını milli ideallara, təhsilə və gənc nəslin maarifləndirilməsinə həsr edən ziyalı kimi daim xatırlanacaq”.
Yunis