Müasir dünyada geosiyasi proseslərin sürətlənməsi və təhlükəsizlik mühitinin dəyişməsi dövlətlərin müdafiə qüdrətini artırmasını zəruri edir. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr göstərir ki, dövlətlər mümkün təhdidlərə qarşı daim hazırlıqlı olmalıdır. Bu baxımdan güclü orduya və müasir hərbi texnologiyalara malik olmaq milli təhlükəsizliyin əsas şərtlərindən biri hesab olunur. Azərbaycan da dəyişən regional və qlobal təhlükəsizlik reallıqlarını nəzərə alaraq müdafiə imkanlarının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bəs müasir dövrdə hərbi hazırlığın yüksək səviyyədə saxlanılması ölkənin təhlükəsizliyi və davamlı sülhün təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?
Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, politoloq Emin Həsənli Herbiand.az-a açıqlamasında deyib ki, son illərin geosiyasi mənzərəsi dövlətlərin təhlükəsizlik siyasətinə yeni yanaşmalar tələb edir: “Müasir dünya təəssüf ki, təhlükəsizlik çağırışlarının və hərbi risklərin artdığı bir mərhələdən keçir. Bir sıra ölkələr hər il müdafiə büdcələrini artırır, yeni hərbi texnologiyalar əldə edir və mümkün təhdidlərə qarşı hazırlıqlarını gücləndirirlər. Ukrayna nümunəsi göstərdi ki, təhlükəsizlik məsələsində arxayınlıq və mümkün riskləri vaxtında qiymətləndirməmək ağır nəticələrə gətirib çıxara bilər. Azərbaycan da ötən əsrin 80-ci illərinin sonlarında regionda baş verən proseslər fonunda hazırlıqsız vəziyyətlə üzləşdi və bunun nəticəsində ciddi itkilər yaşandı. Həmin dövrdə Ermənistanın hərbi hazırlıqları, eləcə də müxtəlif xarici dəstək imkanlarından istifadə etməsi bölgədə qüvvələr nisbətinə təsir göstərən amillərdən biri idi. Bu baxımdan, dövlətin əsas vəzifələrindən biri mümkün təhlükələri əvvəlcədən nəzərə almaq və müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamaqdır”.
Zamanımızda məşhur “sülh istəyirsənsə, hərbə hazır ol” prinsipinin aktual olduğunu vurğulayan Emin Həsənli bildirib ki, bu yanaşma milli təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsinin əsas şərtlərindən biri olaraq qalır: “Çünki müasir müharibələrdə texnologiyanın rolu ildən-ilə artır və silah sistemləri, rabitə vasitələri, pilotsuz platformalar və digər hərbi imkanlar sürətlə yenilənir. Buna görə də hərbi potensialın yalnız kəmiyyət baxımından deyil, texnoloji və peşəkar hazırlıq baxımından da davamlı şəkildə inkişaf etdirilməsi vacibdir. Azərbaycan dövlətinin müdafiə xərclərini və hərbi hazırlıq imkanlarını artırması da məhz dəyişən təhlükəsizlik mühitinə adekvat cavab vermək məqsədi daşıyır. Güclü ordu və yüksək müdafiə qabiliyyəti ölkənin milli maraqlarının qorunması ilə yanaşı, sülhün və sabitliyin təmin olunmasının mühüm şərtlərindən biridir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycana qarşı yönəlmiş zərbələrə verilən cavablar ölkənin öz təhlükəsizliyini və milli maraqlarını qorumaq əzmində olduğunu bir daha nümayiş etdirib”.
Məhəmməd Əliyev