Advertisment

Şəhid Raqib Hüseynovun xatirəsi anılıb-FOTOLAR

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış baş leytenant Hüseynov Raqib Adil oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının, Ali Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin əməkdaşları, hərbi qulluqçular, şəhidin ailə üzvləri və döyüş yoldaşları, Heydər Əliyev adına tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanıb. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətdən, eləcə də şəhid ailələrinə və döyüş əməliyyatları zamanı sağlamlığını itirən şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Bildirilib ki, Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu Zəfər yolunda canlarından keçən şəhidlərimiz torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda böyük fədakarlıq göstərərək ölümsüzlüyə qovuşublar. Onların müqəddəs xatirəsi xalqımızın yaddaşında və qəlbində daim yaşayacaq.

Tədbirdə məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş, vətənpərvərlik ruhunda qələmə alınmış şeirlər səsləndiriblər.

Şəhidin anası Rəna xanım çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. 
Qeyd edək ki, Raqib Hüseynov 28 iyun 1993-cü ildə Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. 2011–2015-ci illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsil alıb.

O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Talış kəndi istiqamətində düşmənin müdafiə xəttinin yarılmasında böyük xidmətlər göstərən Raqib Hüseynov sentyabrın 29-da həmin istiqamətdə gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində xidmətlərinə görə baş leytenant Hüseynov Raqib Adil oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi