“Siyasətçi olmağıma peşman deyiləm. Siyasət mənim üçün vəzifə, titul və ya şəxsi maraq vasitəsi olmayıb. Mən siyasətə insanın haqqını müdafiə etmək, cəmiyyətə faydalı olmaq və ölkəmin gələcəyində söz sahibi olmaq üçün gəlmişəm”. Bu sözləri Herbiand.az-a açıqlamasında bu gün doğum gününü qeyd edək siyasətçi, Ümid Partiyasının funksioneri Tamilla Qulami deyib.
Onun sözlərinə görə, qadın siyasətçi olmaq asan deyil: “Təbii ki, bu yol asan deyil-bəzən haqsızlıq, təzyiq, anlaşılmamaq və məyusluq yaşayırsan. Amma xalqın problemini dilə gətirəndə, kiminsə haqqının müdafiəsinə qalxanda bunun nə qədər vacib olduğunu daha dərindən anlayırsan. Mənim üçün siyasətdə qalmağın ən böyük səbəbi də budur.
Özüm üçün deyil, inandığım Azərbaycan üçün mübarizə aparmaq. Azərbaycanda qadın siyasətçi olmaq həm məsuliyyət, həm də böyük bir sınaqdır. Çünki qadından bəzən daha çox dözümlülük, daha çox prinsipiallıq gözlənilir. Amma mən siyasətdə qadın olmağı zəiflik kimi yox, üstünlük kimi görürəm. Qadın cəmiyyətin ağrısını, ailənin problemini, uşağın gələcəyini, sosial ədalətsizliyi daha fərqli hiss edə bilir. Məncə, siyasətdə qadının sayından çox, sözünün çəkisi və cəmiyyət üçün gördüyü iş əsas meyar olmalıdır.
Azərbaycan qadını yalnız seçki zamanı xatırlanan seçici deyil, ölkənin taleyinə təsir edən qərarların formalaşmasında iştirak edən fəal vətəndaş olmalıdır. Və əlbəttə ki, siyasətdə nə qədər çox qadın olsa, ölkənin də rifahı bir o qədər gözəl olar”.
Qeyd edək ki, Tərtərdə doğulmuş Tamilla xanımın atası Famil Qulami Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Bu gün torpaqlarımız işğaldan azad edilib.
Qarabağ və Şərqi Zəngəzurda nəhəng tikinti qurucluq layihələri icra olunur. Azad olunmuş torpaqlarımızda həyat qaynamağa başlayıb. Maraqlıdır, Tamilla xanım atasının uğrunda şəhid olduğu torpaqlaraa-azad Qarabağa köçüb yaşamaq istəyirmi?
“Əlbəttə, istəyərdim. Qarabağ bizim üçün sadəcə xəritədə bir ərazi deyil, yaddaşımız, tariximiz, itkilərimiz və qələbəmizdir. Mən Qarabağa yalnız tədbirə gedib, geri qayıtmağı deyil, orada həyatın qurulmasını, insanların yaşamasını, uşaqların məktəbə getməsini, qadınların işləməsini, ailələrin öz gələcəyini orada görməsini istəyərəm. Bir gün Qarabağda yaşamaq mənim üçün sadəcə köçmək olmayacaq, Qarabağ mənim üçün 30 illik həsrətin, mübarizənin və Zəfərin həyatın özünə çevrilməsi olacaq.
Qarabağda yaşamaq, işləmək və orada gələcək qurmaq tək mənim üçün yox, hər birimiz üçün Vətənə bağlılığın ən gözəl ifadələrindən biri olardı. Qarabağ bizimdir, hər bir torpağımız, bölgəmiz, şəhərimiz, kəndimiz kimi dəyərlidir”-deyə, o, bildirib.
Məhəmməd Əliyev