Advertisment

“Belə aksiyalar türk birliyini istəməyən məkrli qüvvələri sevindirir”-Emin Həsənlidən İstanbul aksiyasına reaksiya

İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar Azərbaycanda məktəblilər üçün tətbiq olunan vahid geyim forması qaydalarına qarşı çıxıblar. Aksiya zamanı müxtəlif şüarlar səsləndirilib və qərarın dəyişdirilməsi tələb olunub. Bununla yanaşı, bəzi iştirakçıların Azərbaycan əleyhinə ifadələr səsləndirdiyi bildirilir. 

Aksiyada Azərbaycan dövlətinin siyasətinə qarşı yönələn bəyanatlar da səsləndirilib. Hadisə Azərbaycan cəmiyyətində, həmçinin İstanbulda yaşayan azərbaycanlılar arasında da narazılıq doğurub. 

Hərbi Yönümlü Təşkilatlar İttifaqının və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Herbiand.az-a açıqlamasında İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiya ilə bağlı münasibət bildirib. 

Emin Həsənli hesab edir ki, belə aksiyalar Azərbaycan-Türkiyə dostluğuna və qardaşlıq münasibətlərinə kölgə salmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər.

“Məktəblilərin geyim forması ilə bağlı qərar Azərbaycanın daxili məsələsidir və bu qərarla bağlı müzakirələr ölkənin öz daxilində aparılmalıdır. Azərbaycan müstəqil dövlətdir və öz qanunlarını, qaydalarını və dövlət siyasətini müstəqil şəkildə müəyyənləşdirir. Təhsil sistemi də Azərbaycanın qanunvericiliyi və dövlətçilik prinsipləri əsasında formalaşır. 

Azərbaycan Respublikasında təhsilin dünyəvi xarakteri Konstitusiya və qanunvericiliklə müəyyən edilib. Biz yad ideologiyaların təsiri altında qərar qəbul edən dövlət deyilik və təhsil siyasətimizi də öz milli maraqlarımız əsasında müəyyənləşdiririk”,- deyə o qeyd edib. 
QHT rəhbəri hesab edir ki, hansısa qərarla bağlı narazılığın ifadə olunması ayrı məsələ, bu narazılığın Azərbaycan dövlətinə qarşı şüarlara və bəyanatlara çevrilməsi isə tamam başqa məsələdir. 

Onun sözlərinə görə, İstanbul kimi bir şəhərdə Azərbaycan diplomatik nümayəndəliyinin qarşısında bu cür ritorikanın səsləndirilməsi iki qardaş ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilər. 

Emin Həsənli bildirib ki, belə hallar Türkiyə-Azərbaycan münasibətlərinin mahiyyətinə uyğun deyil və cəmiyyətlər arasında qarşılıqlı hörmətə xələl gətirir: “Azərbaycan xalqı öz dövlətçilik dəyərlərinə, dünyəvi təhsil prinsipinə və müstəqil qərarvermə hüququna sahibdir. 

Məktəbli geyimi ilə bağlı qərar da, digər daxili məsələlər kimi, Azərbaycanın öz işidir və bu istiqamətdə qərarlar ölkənin qanunları çərçivəsində qəbul olunur. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı hər hansı mübahisəli məsələ fonunda zədələnməməlidr. 

Bu cür aksiyaların keçirilməsi və ayrı-ayrı xırda narazılıqların süni şəkildə böyüdülərək ictimai qarşıdurma mövzusuna çevrilməsi yalnız münasibətlərin gərginləşməsinə xidmət edir. Belə yanaşmalar, ilk növbədə, Azərbaycan-Türkiyə münasibətlərinin, türk birliyinin möhkəmlənməsində maraqlı olmayan məkrli qüvvələrə sərf edir. 

Xüsusilə iki qardaş ölkə arasında dostluq və strateji tərəfdaşlığın gücləndiyi bir dövrdə bu cür addımlar cəmiyyətlər arasında yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Hər bir narazılığın qarşılıqlı hörmət və sağlam dialoq çərçivəsində ifadə olunması daha məqsədəuyğundur. Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə biləcək süni gərginliklər isə bütövlükdə türk birliyinin maraqlarına zərər vurur”.

Emin Həsənli bildirib ki, son günlər Türkiyədən yüzlərlə məktub və mesaj alıb: “Müharibə veteranlarını, şəhid ailələrini və qaziləri birləşdirən dərnəklər və ictimai birliklər, Balkan türkləri, ziyalılar baş verənlərdən narahatlıqlarını ifadə edirlər. 

Onlar Azərbaycan-Türkiyə münasibətlərinin və türk dünyasının birliyinin qorunmasının vacibliyini vurğulayırlar. Türk birliyi daha da güclənəcək, bu birliyin pozulmasını arzulayanların niyyəti isə gözündə qalacaq. Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələri ayrı-ayrı narazılıqlar və süni gündəmlərlə sarsıla bilməz. 

Bizim əsas vəzifəmiz bu birliyi qorumaq, gələcək nəsillərə daha da möhkəm şəkildə ötürməkdir”.

Murad 
Herbiand.az