Advertisment

Azərbaycan və Türkiyə yazarları şəhidlərə həsr olunmuş beş cilddə kitab ərsəyə gətiriblər

“Bir şəhid, bir hekayə, bir şeir” layihəsi çərçivəsində Türkiyədən 30 yazıçı Azərbaycana gələrək şəhidlərimizin xatirəsini yad edib, şəhid ailələri ilə görüşüb.

Herbiand.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Bir şəhid, bir hekayə, bir şeir” layihəsinin rəhbəri Harun Yıldırım deyib.

O bildirib ki, təxminən iki ildir həyata keçirilən layihə çərçivəsində 100-ə yaxın azərbaycanlı şəhid haqqında yazılar hazırlanıb. Layihənin əsas məqsədi şəhidlərin həyat hekayələrini, qəhrəmanlıqlarını və Vətən uğrunda göstərdikləri fədakarlığı bədii əsərlər vasitəsilə gələcək nəsillərə çatdırmaqdır.

Harun Yıldırım qeyd edib ki, Azərbaycan və Türkiyədən olan yazarların birgə fəaliyyəti nəticəsində şəhidlərin xatirəsinə həsr olunmuş beş cilddə kitab ərsəyə gətirilib: “Onlardan üçü Türkiyə, ikisi isə Azərbaycan şəhidlərinə həsr olunub. Nəşrlərdə Qarabağ şəhidlərinin, o cümlədən Şuşa və Sumqayıtla bağlı şəhidlərin həyat hekayələri qələmə alınıb. Biz eyni ağacın budaqları, eyni bağın gülləri, eyni gözün yaşıyıq. Bizi bir-birimizdən ayıra bilməzlər. Azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə, yan-yana olduğumuzu göstərmək üçün buradayıq”.

Layihə rəhbəri əlavə edib ki, Azərbaycana səfər edən yazarlar şəhid analarını ziyarət edərək Türkiyədən salam və məhəbbətlərini çatdırıblar. Harun Yıldırım Türkiyə və Azərbaycan şəhidlərinin analarını bir araya gətirəcək tədbirin təşkilini də təklif edib.