22 oktyabr 2026-cı il tarixdə Vətən müharibəsi şəhidi, baş kəşfiyyatçı Sahil Oktay oğlu Cəlilovun şəhadətə ucalmasının ildönümü münasibətilə Şərur rayon Şəhidlər xiyabanında anım tədbiri keçirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, müharibə əlilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edənlər Sahil Cəlilovun Vətən qarşısındakı xidmətlərindən, döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqdan, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən bəhs ediblər. Şəhidin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.
Qeyd edək ki, Sahil Cəlilov 17 may 1998-ci ildə Şərur rayonunun Dərvişlər kəndində anadan olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində müddətdən artıq həqiqi hərbi xidmət keçib. Vətən müharibəsində baş kəşfiyyatçı kimi iştirak edən Sahil Cəlilov Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Sahil Cəlilov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Anım mərasimindən sonra şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bəxtiyar ƏLİYEV