Advertisment

Təhsildə yeni dönəm: “Bu model məktəbi daha əlçatan edə bilər”

Bələdiyyələrin fəaliyyəti yalnız yolların təmiri, parkların salınması və məişət tullantılarının daşınması ilə məhdudlaşmamalıdır. Müasir dövrdə yerli özünüidarəetmə orqanları təhsilin inkişafında və gələcək nəslin formalaşmasında da mühüm rol oynaya bilər. “Ümumi təhsil haqqında” Qanunun 12-ci maddəsində bələdiyyə təhsil müəssisələrinin yaradılması üçün hüquqi əsasların nəzərdə tutulmasına baxmayaraq, bu imkan ölkəmizdə hələ də geniş tətbiqini tapmayıb. 

Halbuki şagird sıxlığının artdığı, təhsil infrastrukturuna tələbatın yüksəldiyi bir şəraitdə bələdiyyə məktəblərinin yaradılması alternativ imkan kimi dəyərləndirilə bilər. Bu istiqamətdə əsas məsələ hüquqi imkanların mövcudluğundan daha çox, onların reallaşdırılması üçün zəruri maliyyə mənbələrinin, səmərəli idarəetmə modelinin və institusional mexanizmlərin formalaşdırılmasıdır.

Ümid Partiyasının İdarə Heyətinin üzvü, Binəqədi Bələdiyyəsinin Yerli İqtisadi İnkişaf Məsələləri Daimi Komissiyasının sədri Tamilla Qulami Herbiand.az-a açıqlamasında bildirib ki, bələdiyyə məktəblərinin yaradılması yerli özünüidarəetmə orqanlarının təhsil sahəsində rolunun artırılması və təhsil imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər:

“Ümumiyyətlə bu məsələyə yerli özünüidarəetmənin inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi kontekstində yanaşmaq daha doğru olar. Hesab edirəm ki, bu ideya həm müzakirəyə, həm də hüquqi və iqtisadi baxımdan araşdırılmalı, faydalı nümunələr göz önünə gətirilməli və bu istiqamətdə işlər görülməlidir. Çünki təhsil yalnız mərkəzi dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin və yerli idarəetmə qurumlarının da məsuliyyət daşımalı olduğu sahədir.

Bələdiyyə məktəblərinin əsas üstünlüyü yerli ehtiyaclara sürətlə reaksiya vermək imkanlarıdır. Məsələn, durmadan böyüyən qəsəbələrdə şagird sıxlığı, məktəbə nəqliyyatla çatmaq problemi, əlavə sinif otaqlarına və məktəbdənkənar təhsil imkanlarına ehtiyac yerli səviyyədə özünü daha açıq göstərir. Bələdiyyə bu problemləri müəyyənləşdirərək, sakinlərin müraciətlərini ümumiləşdirə, ehtiyacları əsaslandırıb, müvafiq məktəb layihələrinin həyata keçirilməsində iştirak edə bilər”.

Beynəlxalq təcrübədə də bunun nümunələrinin olduğunu vurğulayan komissiya sədri qeyd edib ki, Avropanın bir sıra ölkələrində yerli özünüidarəetmə orqanları məktəblərin tikintisi, saxlanılması, maddi-texniki təminatı və tədris prosesinin təşkilində mühüm rol oynayırlar: “Almaniyada bələdiyyələr məktəb binalarının tikintisi, saxlanılması və təchizatı kimi məsələlərdə mühüm rol oynayırlar. Finlandiyada isə yerli özünüidarəetmə orqanları məktəb şəbəkəsinin təşkili və təhsilin gündəlik idarə olunmasında əhəmiyyətli səlahiyyətlərə malikdirlər”. 
T.Qulaminin sözlərinə görə, bələdiyyə məktəbləri valideynlərin qərarvermə prosesində iştirakını da gücləndirə bilər. 

“Məktəbin ehtiyacları, qidalanma, təmizlik, idman və əlavə məşğələlər kimi məsələlər üzrə valideynlərin, müəllimlərin və bələdiyyə nümayəndələrinin birgə müzakirələri daha operativ həll yolları yarada bilər. Yerli büdcə, qanunla icazə verilən gəlirlər və şəffaf maliyyələşmə mexanizmləri isə məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılmasına əlavə imkanlar açacaq”-deyə, o, bildirib.

Bununla belə partiya funksioneri hesab edir ki, bələdiyyə məktəbləri ideyasının reallaşması üçün maliyyə imkanları olmalıdır: “Müəllimlərin əməkhaqqı, tədrisin keyfiyyətinə nəzarət və bütün uşaqlar üçün bərabər təhsil imkanları təmin edilməlidir. Əks halda, maliyyə imkanları fərqli olan bələdiyyələr arasında təhsil keyfiyyəti baxımından ciddi fərqlər yarana bilər. Buna görə də bələdiyyə məktəbləri dövlət təhsil standartlarından kənar deyil, həmin standartlara uyğun fəaliyyət göstərən, dövlət və yerli özünüidarəetmənin əməkdaşlığına əsaslanan model olmalıdır. 

Burada əsas məqam həm də ondan ibarətdir ki, Azərbaycanda bələdiyyə məktəblərinin yaradılması hüquqi baxımdan artıq mümkündür. “Ümumi təhsil haqqında” Qanunun 12-ci maddəsi dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələrini tanıyır. Deməli, əsas məsələ yeni ideyanın qanuniləşdirilməsindən daha çox, mövcud hüquqi imkanların real həyata keçirilməsi, maliyyələşmə mexanizmlərinin qurulması və bələdiyyələrin bu prosesdə iştirakının genişləndirilməsidir. Seçkili orqan yetkilisi kimi düşünürəm, ilkin mərhələdə maliyyə və idarəetmə imkanları olan bələdiyyələrdə pilot layihələrə başlanılsın və bu layihələrin nəticələri təhlil olunduqdan sonra model digər ərazilərdə də tətbiq edilsin. 

Məqsəd təhsili kommersiyalaşdırmaq deyil, onu vətəndaşa daha yaxın, daha əlçatan və daha səmərəli etməkdir. Güclü bələdiyyə yalnız yolların, parkların və abadlıq işlərinin qayğısına qalan qurum deyil, həm də gələcək nəslin inkişafına töhfə verən yerli özünüidarəetmə institutudur”.

Komissiya sədri Türkiyə təcrübəsinə də toxunaraq bildirib ki, yerli özünüidarəetmə orqanlarının təhsil sahəsində iştirakı bu istiqamətdə əlavə imkanlar yaradır. 

Onun sözlərinə görə, Türkiyənin böyük şəhərlərində bələdiyyələrin yaratdığı məktəbəqədər təhsil mərkəzləri uşaqların məktəbə hazırlığına dəstək verir, eyni zamanda ailələrin sosial yükünün azaldılmasına xidmət edir: “İstanbul və Ankara kimi böyük şəhərlərdə bələdiyyələrin yaratdığı məktəbəqədər təhsil mərkəzləri uşaqların təhsilə hazırlanmasına və ailələrin sosial yükünün azaldılmasına xidmət edir. Bu nümunələr birbaşa ibtidai və orta məktəb modelini ifadə etməsə də, bələdiyyələrin təhsil xidmətlərinin təşkilində iştirakının mümkünlüyünü göstərir. Almaniyada isə bələdiyyələr məktəb binalarının saxlanılması və təchizatı kimi məsələlərdə mühüm məsuliyyət daşıyırlar. 

Azərbaycan üçün də bu təcrübələrdən yararlanaraq, dövlət təhsil standartlarını qorumaq şərtilə bələdiyyələrin məktəbəqədər təhsildən başlayaraq, ümumi təhsilin təşkilində iştirakını genişləndirmək mümkündür. Təhsilin idarəetmə siyasətini fərqli-fərqli qurumlara, agentliklərə bölməkdənsə, aidiyyəti üzrə təşkil etsələr, daha faydalı nəticə əldə etmək olar”.

Məhəmməd Əliyev
Herbiand.az