Xəbər verildiyi kimi, Prezident İlham Əliyev səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Anar Bayramov səhiyyə naziri təyin edilib.
Yeni təyinata münasibət bildirən Hərbi Yönümlü Təşkilatlar İttifaqının və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Herbiand.az-a açıqlamasında Anar Bayramovu bacarıqlı təşkilatçı, işgüzar və islahatçı kadr kimi xarakterizə edib:
“Anar Bayramovu uzun müddətdir tanıyıram və onun peşəkar keyfiyyətlərinə bələdəm.
İki dəfə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasında təmsil olunmuşuq. Bu müddət ərzində Anar Bayramovu məsuliyyətli, təşəbbüskar və insanlarla işləməyi bacaran şəxs kimi tanımışam.
Anar Bayramovun həssas əhali qruplarına münasibəti də müsbət olub. Xüsusilə şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə və əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir”.
Emin Həsənli vurğulayıb ki, bu kateqoriyadan olan insanların problemlərinə həssas yanaşmaq, onların həllinə çalışmaq hər bir dövlət məmuru üçün mühüm keyfiyyətdir. O, Anar Bayramovun əvvəlki fəaliyyətində bu istiqamətdə məsuliyyətli mövqe nümayiş etdirdiyini bildirib.
Emin Həsənli yeni təyinatın səhiyyə sistemində müsbət dəyişikliklərə təkan verəcəyinə ümid etdiyini deyib: “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması əsas prioritetlərdən olmalıdır.
Səhiyyə infrastrukturunun müasirləşdirilməsinin, yeni layihələrin həyata keçirilməsi və mövcud problemlərin ardıcıl şəkildə aradan qaldırılması vacibdir. İslahatların nəticəsi ilk növbədə vətəndaşların gündəlik həyatında, tibbi xidmətlərin əlçatanlığında və keyfiyyətində hiss olunmalıdır”.
İctimai birlik rəhbəri Anar Bayramovun təşkilatçılıq qabiliyyəti və idarəçilik təcrübəsinin səhiyyə sahəsində qarşıya qoyulan vəzifələrin uğurla icrasına, islahatların daha da sürətlənməsinə töhfə verəcəyinə inandığını bildirib. O, Anar Bayramova məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.
Aydın