Advertisment

“Ermənistan ekoloji ziyanın əvəzini ödəməli, çirkləndirilməni dayandırmalıdır”-Ekoloq

Ermənistanın paytaxtı İrəvanda oktyabrın 19-dan 30-dək BMT-nin Bioloji Müxtəliflik Konvensiyası Tərəflər Konfransının 17-ci sessiyası — COP17 keçirilir. Sessiyanın keçirildiyi bir vaxtda regionun ekoloji problemləri yenidən diqqət mərkəzinə gəlir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii sərvətlərə dəymiş ziyanın araşdırılması və ekosistemlərin bərpası mühüm məsələlərdəndir.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji zərərin araşdırılması və bu zərərin nəticələrinin aradan qaldırılması beynəlxalq səviyyədə diqqət mərkəzində olmalıdır: “Ətraf mühitə vurulan zərər siyasi mübahisə predmeti deyil, gələcək nəsillərin sağlamlığına və regionun ekoloji təhlükəsizliyinə təsir edən ciddi problemdir.

Ermənistanın işğal dövründə Azərbaycanın təbii sərvətlərinə, meşələrinə, su ehtiyatlarına və biomüxtəlifliyinə vurduğu zərərin miqyası müstəqil ekspertlər tərəfindən qiymətləndirilməlidir. Bu məqsədlə beynəlxalq təşkilatların iştirakı ilə ərazilərdə hərtərəfli ekoloji monitorinqlərin keçirilməsi vacibdir.

Monitorinqlər zamanı torpaqların, su hövzələrinin, meşə sahələrinin və digər təbii ekosistemlərin mövcud vəziyyəti araşdırılmalıdır.

Əldə edilən nəticələr əsasında dəymiş ziyanın həcmi müəyyənləşdirilməli və onun aradan qaldırılması üçün konkret tədbirlər planı hazırlanmalıdır. Ermənistanın vurduğu ekoloji zərərə görə məsuliyyəti məsələsi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qiymətləndirilməlidir.

Əgər zərərin mənbəyi və miqyası müvafiq araşdırmalarla təsdiqlənərsə, ətraf mühitin bərpası və kompensasiya məsələləri də hüquqi əsaslarla həll olunmalıdır. Ekoloji problemlər yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır, transsərhəd çayların çirklənməsi də region üçün ciddi narahatlıq doğurur”.

Ekoloq deyib ki, Araz və digər transsərhəd su hövzələrinin vəziyyəti mütəmadi şəkildə araşdırılmalı, suyun keyfiyyəti beynəlxalq standartlara uyğun laborator analizlər vasitəsilə yoxlanılmalı, çaylara sənaye və məişət tullantılarının axıdılmasının qarşısının alınması üçün Ermənistan da daxil olmaqla, region ölkələri üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər:

“Çirklənmənin davam etməsi su ehtiyatlarına, kənd təsərrüfatına, canlı aləmə və insanların sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də beynəlxalq ekoloji qurumlar məsələni diqqətdə saxlamalı, müntəzəm monitorinqlərin nəticələri ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır.

Azərbaycanın təbii sərvətlərinin qorunması və dəymiş ziyanın aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ekoloji məsuliyyət prinsipinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Ermənistanın çayların çirklənməsinə səbəb olan fəaliyyətinin qarşısının alınması, ekoloji zərərin obyektiv qiymətləndirilməsi və təbiətə vurulmuş ziyanın əvəzinin ödənilməsi regionda sağlam ətraf mühitin və dayanıqlı gələcəyin təmin olunmasına xidmət edər”.


Aydın

Herdiand.az