Vətən uğrunda canından keçən qəhrəmanların ömür yolu xalqın yaddaşında əbədi yaşayır. Onların göstərdiyi şücaət, Vətənə sədaqəti və müqəddəs amal uğrunda fədakarlığı gələcək nəsillər üçün əsl qəhrəmanlıq məktəbidir.
Bu məktəbin layiqli davamçılarından olan şəhid mayor Sadiq Həsənovun əziz xatirəsi Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində keçirilən anım tədbirində ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov giriş sözü ilə çıxış edərək şəhidlərimizin qəhrəmanlıq salnaməsinin xalqımızın milli qürur mənbəyi olduğunu vurğulayıb.
O, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin, onlara dövlətçilik dəyərlərinin aşılanmasının vacibliyindən danışıb, şəhid mayor Sadiq Həsənovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Daha sonra şəhidin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Ekranda canlanan xatirələr bir daha göstərib ki, Vətən sevgisi sözlə deyil, əməllə, sədaqətlə və ən ağır məqamda belə geri çəkilməmək iradəsi ilə ölçülür.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid anası Gülşad Rüstəmova və Vüsal Məmmədzadə də çıxış ediblər. Şəhid anası Gülşad Rüstəmova övladını Vətən yolunda qurban verməyin ağrısını daşısa da, onunla qürur duyduğunu ifadə edib.
Vətənpərvər oğullar yetişdirməyin böyük fəxr olduğunu bildirən Gülşad xanım Vətənin keşiyində dayanan bütün hərbçilərimizə cansağlığı arzulayıb. Vüsal Məmmədzadə isə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan oğullarının nümayiş etdirdiyi misilsiz qəhrəmanlığın xalqımızın iradəsini, birliyini və qələbə əzmini təsdiqlədiyini vurğulayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şəhidin atası Əli Həsənov, şəhidin övladlarının təhsil aldığı Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru Tahirə Qasımova, Vətən müharibəsi qazisi Arif Niftəliyev və Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Binnət Əsədzadə də çıxışlarında şəhidin həyat yolundan, Vətən qarşısındakı xidmətlərindən və onun əziz xatirəsinin yaşadılmasının mənəvi əhəmiyyətindən bəhs ediblər.
Şəhidlərin xatirəsini yaşatmaq onların adını yalnız tarixdə deyil, gələcək nəsillərin qəlbində də əbədiləşdirmək deməkdir. Bu mənada tədbir zamanı Bahar Mehralıyevanın rəhbərliyi ilə hazırlanmış “Zəfər hekayələri” kitabının və rəssam Şəmsəddin Böyükdüzlünün müəllifi olduğu şəhid Sadiq Həsənovun portretinin ailəsinə təqdim edilməsi xüsusi məna daşıyıb.
Bu əsərlər qəhrəman şəhidimizin ömür yoluna ehtiramın, onun xatirəsini yaşatmaq istəyinin ifadəsinə çevrilib.
Tədbirin bədii hissəsində səslənən şeirlər və ifa olunan mahnılar Vətən sevgisini, şəhidlərimizin əziz xatirəsinə ehtiramı və Zəfərimizin mənəvi gücünü tərənnüm edib.
Sonda kollecin direktoru tərəfindən şəhidin övladlarına hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi