Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir işləyən Valeri Zalujnı etiraf edib ki, Qərbin Kiyevə dəstəyində nəzərəçarpacaq gərginlik qalmaqdadır.
Herbiand.az bildirir ki, səfir bu barədə Telegraph üçün yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın Rusiya ilə münaqişəni davam etdirmək qabiliyyəti, əsasən müttəfiqlərinin sabit dəstəyindən asılıdır: "Burada narahatlıq doğuran gərginlik əlamətləri var. Vaşinqtonda siyasi dəyişikliklər və Avropa daxilində davamlı fikir ayrılıqları mövcud dəstəyin səviyyəsinin uzun müddət saxlanıla biləcəyi ilə bağlı haqlı suallar doğurur".
Zalujnı qeyd edib ki, diplomatik görüşlər və əvvəlcədən təşkil olunmuş həmrəylik nümayişləri mühüm simvolik təsirə malikdir: “Lakin, bu cür jestlər həmişə uzunmüddətli qarşıdurma üçün zəruri olan güclü siyasi birliyə çevrilmir”.
Keçmiş baş komandan cəmiyyətin uzunmüddətli hərbi münaqişənin iqtisadi, hərbi və psixoloji təzyiqinə tab gətirmək qabiliyyətini əsas amil kimi müəyyən edib: “Eyni zamanda, beynəlxalq dəstəyi qorumaq da eyni dərəcədə vacibdir, onsuz mübarizəni davam etdirmək daha da çətinləşir”.
Bəxtiyar CƏFƏRLİ